Avtobuslarda gedişhaqqı arta bilər Hadisə

Avtobuslarda gedişhaqqı arta bilər

Nəqliyyat Nazirliyi nəqliyyatdakı çoxsaylı problemlərə görə bəhanə tapıb

Suraxanı rayonu ərazisində yaşayan vətəndaşlar 161 saylı marşrutun fəlaiyyətindən narazıdırlar. Onlar hətta bununla bağlı nəqliyyat naziri Ziya Məmmədova müaricət də ünvanlayıblar. Müraciət edənlərin fikrincə, 161 saylı Hövsan-Suraxanı marşrutunun fəaliyyətinə nəzarət artırılmalıdır.
Sərnişinlərin sözlərinə görə, 161 saylı marşrutun sürücüləri heç bir qrafikə riayət etmir, insanlarla kobud rəftar edir, avtobuslarda natəmizlikdi. Sürücülər istədikləri vaxt xəttə çıxdığından insanlar saatlarla yollarda qalır.
Nəqliyyat Nazirliyinin nəzdindəki Dövlət Avtomobil Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov Modern.az-a bildirib ki, hazırda avtobuslara olan real tələbat öyrənilir: "161 saylı marşrutda gün ərzində tələbata uyğun olaraq 6 avtobus xəttə çıxır. Dövlət Avtomobil Nəqliyyatının Bakı Sərnişindaşıma və Yükdaşımalar İdarəsi hazırda marşrutlara olan real tələbatları öyrənir. Çünki yeni qəsəbələr, yaşayış yerləri salınır, bunlar hamısı qeyd olunmalıdır".
Ən yaxşı halda çıxış yolu pik saatlarda avtobusların sayının artırılmasıdır. Amma Əmrah Cəfərov bununla razılaşmır. O deyir ki, belə olduğu halda qrafik pozuntusu ola bilər, axşam saatlarında avtobusların sayının artırılması tıxacları daha da pis hala gətirib çıxara bilər.
Əmrah Cəfərov ümumilikdə avtobuslarla bağlı problemlərin aradan qalxması üçün ilk növbədə Ziya Bünyadov prospektində işlərin yekunlaşdırılmasını məsləhət görür: "Eyni zamanda, Tarif Şurası gediş haqlarına yenidən baxmalıdır, gediş haqları mütləq qaldırılmalıdır, başqa çıxış yolu yoxdur. Əks təqdirdə, bu problemlər aradan götürülməyəcək. Sürücülərin gəliri artacağı təqdirdə sürət də, tıxaclar da, qəzalar da azalacaq".