“Daha çox oxuyaq, bilək və öyrənək” Hadisə

“Daha çox oxuyaq, bilək və öyrənək”

Bəxtiyar Sadıqov: "Gənclər sabah Azərbaycan dövlətini idarə etməli və inkişaf etdirməli olacaqlar"

"Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasında kadr böhranı problemi ilə bağlı çıxışı sözün həqiqi mənasında ürək ağrısı ilə oxunmalıdır". Bunu "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib. Deputatın sözlərinə görə, daim cəmiyyətdə baş verən aktual proseslərdən, tariximizin ən yadda qalan və bu gün unutmamalı olduğumuz məqamlarından danışan, müdrikcəsinə yol göstərən akademik Ramiz Mehdiyev bu dəfə də çox ağrılı bir məsələyə toxunub: "Azərbaycan müstəqil dövlətdir və ölkəmiz dayanmadan inkişaf edir. Bu gün dövlətimiz dünyaya nümunə göstərir. Azərbaycanda gəncliyin hərtərəfli inkişafı üçün (gənclərin idman, təhsil, asudə vaxtınının normal təşkili və s.) hər bir şərait yaradılıb. Amma çox təəssüf ki, biz gənclərimizin bəzilərindən, bəlkə də çox qismindən elmi bilikləri öyrənmək cəhdi görmürük. Təbii ki, bütün bunlar çox təəssüf doğuran məqamlardır. Hələ Sovet dövründə kim daha çox kitab oxuyar, kim imtahandan daha yüksək qiymət alar deyə, bəhsə-bəhs var idi. O vaxt bizim üçün maraqlı olan o idi ki, daha çox oxuyaq, bilək və öyrənək. Amma bu gün həmin proseslər gənclər arasında görünmür. Ramiz Mehdiyev də haqlı olaraq bu məsələyə toxunub və deyib: "Yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?". Bəxtiyar Sadıqov deyib ki, Azərbaycan müstəqil dövlətdir və bizlər də onun vətəndaşıyıq: "Bu gənclər sabah Azərbaycan dövlətini idarə etməli və inkişaf etdirməli olacaqlar. Təbii ki, onlar həmin zamana bu gündən hazırlaşmalı, öyrənməli və yaxşı mütəxəssis olmalıdırlar. Bu gün Vətən onlara qayğı göstərdiyi kimi, gənclərimiz də Vətənə layiqli vətəndaş olmalıdır. Gəlin etiraf edək ki, bu vəziyyətdə biz jurnalistlərin, mətbuat işçilərinin də üzərinə böyük vəzifələr düşür. Bu kadr qıtlığı tək dövlət qurumlarında hiss olunmur. Bu günün özündə mətbuatda böyük kadr qıtlığı var. Əsl həqiqi jurnalistlərin sayı artıq barmaqla sayılacaq dərəcədə azalıb və qeyri sahələrdən jurnalistikaya böyük axın olub. Bu gün jurnalistikaya gələnlər bu peşəni öyrənmək və onun sirlərinə yiyələnmək istəmir. Mən bir ay bundan öncə qəzetdə jurnalist peşəkarlığı ilə bağlı üç məqalə ilə çıxış etdim. Peşəkar jurnalistlərin sayının azlığı artıq getdikcə böyük problemlər yaradır. Bu problemlər həm də odur ki, biz qəzet, televiziya və s. vasitə ilə gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz onların hərbi peşələrə yiyələnməsinə səslənməliyik".

Əli