EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb İqtisadiyyat

EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli iyulun 31-nə 888 milyon avro təşkil edib. Bu, iyunun 30-u ilə müqayisədə 0,45% və ya 4 milyon avro azdır.

“APA-Economics” EBRD-yə istinadən xəbər verir ki, hazırda bankın Azərbaycanda 35 aktiv layihəsi var. Cari portfelin 41%-i özəl sektorun payına düşür.

EBRD-nin məlumatına görə, portfelin əsas hissəsi – 89%-i və ya 794 milyon avro dayanıqlı infrastruktur layihələrinə yönəldilib. Maliyyə institutlarının payına 7% və ya 64 milyon avro, korporativ sektorun payına isə 3% və ya 30 milyon avro düşür.

Ümumilikdə EBRD Azərbaycanda indiyədək 202 layihəyə 3,728 milyard avro həcmində investisiya yatırıb.

Bankın Azərbaycandakı əməliyyat aktivlərinin dəyəri iyulun 31-nə 715 milyon avro olub ki, bu da iyunun 30-u ilə müqayisədə 0,83% və ya 6 milyon avro azdır.

Qeyd edək ki, 2025-ci ildə EBRD Azərbaycanda 10 layihəyə 81 milyon avro maliyyə ayırıb.