ABŞ-dan Azərbaycana irad və təklif gəldi Hadisə

ABŞ-dan Azərbaycana irad və təklif gəldi

Elçin Mehdiyev: "Yaxşı olardı ki, xanım Psaki bir az da öz ölkəsində baş verən hadisələrə qiymət versin"

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtondakı 1 dekabr brifinqində "Azadlıq" radiosunun əməkdaşı Turxan Kərimovun polis bölməsinə aparılması (Jurnalistdən nə işlə məşğul olduğunu soruşublar) haqda sualı cavablandırıb.
O, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyətlərdən narahatlıq ifadə edib, hökuməti fundamental insan haqlarına əməl etməyə çağırıb: "Biz Azərbaycan hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq. Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq".
"Azadlıq" radiosunun məlumatına görə, Cen Psaki deyib ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə sabitliyi və firavanlığı təmin edə bilər.
"Trend" İnformasiya Agentliyinin şərhçisi Elçin Mehdiyev hesab edir ki, ümumiyyətlə, son günlər nədənsə ABŞ rəsmiləri Azərbaycan üzərinə müxtəlif "mövqelərdən" hücuma keçiblər, "insan haqları", "mətbuat azadlığı" mövzusunda spekulyasiyalar edərək öz maraqlarını ölkəmizə yeritməyə can atırlar. Onun fikrincə hücumların intensivləşməsi ondan xəbər verir ki, yəqin yenə hansısa məsələdə Azərbaycandan nəsə qoparmaq istəyirlər: "Əvvəla, Cen Psakidən soruşmaq lazımdır ki, görəsən o, Azərbaycanı xəritədə tanıyırmı, onun Azərbaycan haqqında, Azərbaycanın mövcud problemləri haqqında məlumatı varmı? Görəsən Cen Psaki Azərbaycan mətbuatını izləyibmi, orada yazılan yazıları, fikirləri, tənqidləri, hətta təhqirləri görübmü? Əminəm ki, görməyib. Sadəcə o, bu bəyanatı ya bilərəkdən hansısa maraq xatirinə, ya da hansısa insanların ona verdiyi qərəzli məlumatlar əsasında verib. Cen Psakinin nəzərinə çatdırırıq ki, onun haqqında danışdığı Azadlıq radiosunun müxbiri Turxan Kərimov həbs edilməyib və ya onun fəaliyyətinə hansısa qadağalar qoyulmayıb. O, söhbət aparılması üçün polis bölməsinə çağırılıb və onunla müəyyən söhbətdən sonra sərbəst buraxılıb. Elə Turxan Kərimov özü də saxlanması haqqında mətbuata danışarkən polis əməkdaşlarının onunla çox normal rəftar etdiyini, ona qarşı hər hansı bir təzyiqin olmadığını, o cümlədən onun fəaliyyətinə hansısa qadağaların qoyulmadığını, hətta onu buraxarkən üzrxahlıq edildiyini bildirib".
Belə olan halda görəsən, Cen Psaki bu məsələ ilə bağlı niyə çox həyəcanla danışır, bunu beynəlxalq hüquq normalarının pozuntusu kimi, Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl etməməsi kimi qələmə verir? Ekspertə görə, burada bir daha təsdiq olunur ki, Cen Psakinin Azərbaycanda baş verən hadisələrdən ya xəbəri yoxdur, ya da bilərəkdən belə edir: "Yaxşı olardı ki, xanım Psaki bir az da öz ölkəsində baş verən hadisələrə qiymət versin. Hadisələrin də nə olduğunu hamı yaxşı bilir".