Məscidi yandıranların planları açılıb Hadisə

Məscidi yandıranların planları açılıb

Onlar "Bakur", "Başur", "Rojhilat", "Rojava" kimi təşkilatların birliyini yaratmaq istəyiblər

Cavid

Ötən gün Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Qaraçuxur məscidinin yandırmaq istəyən PKK-ya rəğbəti olan Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlunun saxlanılması QAzərbaycanda adıçəkilən terror təşkilatı fəallarının mövcudluğundan xəbər verir. Xatırladaq ki, saxlanılarkən Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və səkkiz ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə "Smit-Vesson" markalı revolver aşkar edilib.
Namiq Nəsibov və Elnur Ələkbərov barəsində təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilib.
O da məlum olub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar.
Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin "əhli-sünnə" təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.
Təqsirləndirilən şəxs Namiq Nəsibov açıqlamasında PKK terror təşkilatına və onun liderinə xüsusi simpatiyası olduğunu gizlətməyib. Onu da qeyd edək ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. Bir müddət öncə isə o, internetdə üzərində PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın təsvirinin olduğu köynəkdə şəkil çəkdirib yaymış və facebbok səhifəsində daim bu təşkilatın təbliğatını apardığından məsuliyyətə cəlb olunub.
Olayla bağlı əldə edilən son məlumatda qeyd edilir ki, PKK terror təşkilatının Azərbaycanda "Yekbun" adlı qruplaşmasının məqsəd və məramları bəlli olub.
Belə ki, "Yekbun" həmtəsisçiləri - Kamil Nəsibov və Elnur Ələkbərovun təşkilatı yaradarkən əvvəlcədən planları olub. Onlar gələcəyə hesablanan ideoloji bir strategiya götürüblər.
Xəbərə görə, təşkilat rəhbərliyi xəritədə dəyişiklik etmək, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanın Kürdüstanın tərkib hissəsi olduğunu təbliğ etmək niyyətində olublar.
Eyni zamanda, "Bakur", "Başur", "Rojhilat", "Rojava" kimi təşkilatların Azərbaycanda yaşayan kürdlərə dəstək verərək "müstəqillik" yolunda birlik təşkil etməsini hesablayıblar. "Yekbun" rəhbərliyi bununla fəaliyyət çərçivəsini məhdudlaşdırmayıb. Onların proseslərin gedişində güclənərək Azərbaycan parlamentində kürd fraksiyası yaratmaq, media bazarına girmək, kürd iş adamlarını bir mərkəzdə toplamaq və mütəşəkkil bir hala gətirilmək planları qurulub.
Məlumatda o da deyilir ki, onlar Kobanidə döyüşmək üçün kürd gənclərini hazırlamaq niyyətində olublar. Lakin Qaraçuxur məscidindən başladıqları ilk cəhddən layihə uğursuzluğa düçar olub və hüquq-mühafizə orqanları cinayəti təsbit ediblər.
Millət vəkili Fazil Mustafa Qaraçuxur məscidini yandıran şəxs barəsində danışarkən qeyd edib ki, məscidi yandıran şəxsin PKK-lı olması təəccüblü deyil. Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur: "Guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər arsenalına çevrilsinlər. Yəni öz xalqının gələcəyinə də yanaşma tərzləri budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bu günədək müvafiq qurumların diqqətindən yayına bilib".
Millət vəkilinin fikrincə, bu fakt əsassında Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb:
"Bu addımı biz Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik, çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların, sabah hansı addımlar atacaqlarını proqnozlaşdırmaq çətin deyil", - deyə deputat qeyd edib.
ALDP sədri Fuad Əliyev isə bildirib ki, Qaraçuxur məscidini yandırmaq istəyən şəxslərin PKK-ya simpatiyası olması Azərbaycanda terror təşkilatının fəaliyyəti demək deyil: "Azərbaycan əhalisinmin az bir hissəsini kürdlər təşkil edirlər və onların hüquqları burada konstitusiya çərçivəsində qorunur. Amma aralarında PKK-ya rəğbəti olanlar tapılsa da buna görə heç biri məsuliyyətə cəlb olunmayıblar. Amma belə insanların hər hansı bir cinayət törətmək istəyinin qarşısı təbii ki, alınmalıdır, necə ki, son olaylar bunu göstərdi. Namiq Nəsibov Milli qəhrəmanımızın oğludur. Atası Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib, amma oğlu görün, hansə əməllər törədib. Onun məscidi yandırmaq istəyi atasının adına ləkə gətirmək deməkdir, bütün kürdlərə təhqir deməkdir. Görünür bu insan PKK-ya rəğbəti olduğundan ələ alınıb və Azərbaycanda qarşıdurma yaratmaq sifarişini yerinə yetirmək öhdəliyini üzərinə götürüb. Amma belə insanlar heç də düşünməsinlər ki, məkrli niyyətlərini Azərbaycanda asanlıqla həyata keçirə biləcəklər. Onların həbsi Azərbaycandakı tərəfdaşlarına bir mesaj ola bilər".