Əlillərin reabilitasiyası sahəsində çalışan mütəxəssislər üçün seminar Hadisə

Əlillərin reabilitasiyası sahəsində çalışan mütəxəssislər üçün seminar

Tural

Dekabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Litva Reabilitasiya Koalisiyasının rəhbəri, professor Aleksandras Kriscuanas tərəfindən "Litvada reabilitasiya sistemi" mövzusunda nazirliyin əlillərin reabilitasiyası sahəsində çalışan mütəxəssisləri və QHT-lərin nümayəndələri üçün seminar keçirilib. Nazirliyin məlumatına görə, seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin digər fəaliyyət sahələrində olduğu kimi, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində də iş mexanizmlərinin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi məqsədilə islahatlar aparıldığını qeyd edib. Nazir müavini bildirib ki, bu islahatlar zamanı Avropa İttifaqı ilə birgə icra olunan "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində Fransa, Almaniya və Litva ilə müvafiq sahədə əməkdaşlıq həyata keçirilir.
Layihə çərçivəsində cari ilin sentyabr ayında nazir müavininin başcılıq etdiyi nümayəndə heyəti Litvaya rəsmi səfər edərək, bu ölkənin əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində mövcud infrastrukturu, reabilitasiya mərkəzləri, reabilitasiya metodları ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb. Litvanın aidiyyatı dövlət qurumunda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb, bu istiqamətdə növbəti addım kimi Azərbaycanda Litva təcrübəsi ilə bağlı təqdimat şəraitində seminarın təşkili barədə razılıq əldə olunub.
Seminarda A.Kriscuanas ölkəsinin tibbi-sosial reabilitasiya sistemi və əlilliyi olan şəxslərin sosial statuslarının bərpası sahəsində icra olunan proqramlar barədə ətraflı məlumat verib. Tədbir zamanı Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların tibbi-sosial, həmçinin onların peşə reabilitasiyası, eləcə də əlil hüquqları sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi sahəsində görülən işlər də diqqətə çatdırılıb. Seminar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində mövcud vəziyyətin və mütərəqqi praktikalardan irəli gələn reabilitasiya üsullarının tətbiqi məsələlərinin müzakirəsi, ölkəmizdə bu sahədə perspektiv istiqamətlərin müəyyən edilməsi ilə bağlı ekspert tövsiyələrinin verilməsi ilə davam edib.