Türkiyənin “Sabah” qəzetindən Azərbaycana qarşı təxribat Hadisə

Türkiyənin “Sabah” qəzetindən Azərbaycana qarşı təxribat

Media İşçi Qrupu: "Bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir"

Zahid Oruc: "Sözügüdən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzür istəməlidir"

Türkiyənin "Sabah" qəzeti Azərbaycana qarşı ərazi təxribatına yol verib. Qəzetin "3 paytaxtı, 11 rəsmi dili, 5 fərqli dildə himninin sözləri olan ölkə var" başlıqlı yazısında dünya dövlətlərinin dil, adət-ənənələrindən söhbət açılır. Qeyd edək ki, başlıq Cənubi Afrika Respublikasına aid edilib. Siyahıya 206 ölkə daxil edilib. Lakin Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası da "müstəqil dövlət" kimi həmin sırada yer alıb.
Bununla yanaşı, Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi də ayrıca "dövlət" kimi xarakterizə edilib.
Bu da haqlı olaraq Azərbaycanda ciddi etirazlara səbəb olub. QHT Şurası nəzdində Media İşçi Qrupu (MİQ) qardaş ölkədə fəaliyyət göstərən bir qəzetdə Azərbaycana qarşı bu cür münasibət sərgiləyən, Azərbaycan ərazisini Dağlıq Qarabağ Cümhuriyyəti kimi göstərilməsinə kəskin etiraz edib: "Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncləri veriblər. Bütün bunlara baxmayaraq Türkiyədə nəşr olunan "Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib.
Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Qardaş bir ölkədə fəaliyyət göstərən "Sabah" qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidin ruhunu təhqir edib.
Təcili şəkildə "Sabah" qəzetindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".
Millət vəkili Zahid Oruc deyib ki, "Sabah" qəzetində dərc edilən siyahı təəssüf doğurur: "Çünki bu mətbu orqanın dünya arenasında özünəməxsus yeri və rolu olduğu hər kəsə məlumdur". Onun sözlərinə görə, bu qəzet nəşr olunduğu dövürdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçiliyə müəyyən imkanlar qazanıb: "Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmağa imkanı var. Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra yazını dərcə verməli idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, bunu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər". Millət vəkili qeyd edib ki, sözügüdən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzür istəməlidir: "Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb onunla bağlı açılama versin".
Millət vəkili Elmira Axundova diqqətə çatdırıb ki, "Türkiyənin "Sabah" kimi böyük qəzeti bilməlidir ki, "Qondarma Dağlıq Qarabağ Respublikası" müstəqil dövlət deyil: "Ona görə də bu yazıya görə məsuliyyət daşımalıdır". Millət vəkili bildirib ki, belə bir münasibəti hər bir ölkəndən, hətta MDB-yə üzv dövlətlərdən gözləmək olar, ancaq Türkiyədən əsla: "Çünki, onların keçmiş dövlət başçıları Süleyman Dəmirəl, hazırkı prezidentləri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər. Ona görə də bu qəzetdəkilər bizə hörmət etmirlərsə, heç olmasa, öz dövlət başçılarına hörmət etsinlər". Elmira Axundova əlavə edib ki, heç bir halda bu məsələyə görə, "Sabah" qəzetinə bəraət qazandırmaq olmaz: "Belə materialın yayımlanmasında bilməməzlik ola bilməz. Çünki, jurnalistlər hər şeydən agah olmalıdırlar. Bu toplum öndə gedən təbəqədir. Bunu avam adam deyə bilər, ancaq jurnalist əsla. Bundan başqa qəzetdə dərc olunan material dəfələrlə yoxlanılır, ona görə də burada bilməməzlik yox, təxribat var. Yəni, "Sabah" qəzetində dərc olunan material təxribat xarakterlidir".

Əli