Bakı sakinləri orduya inanır Hadisə

Bakı sakinləri orduya inanır

"Rəy" sorğu keçirib

Bakı sakinlərinin tam əksəriyyəti əmindir ki, Azərbaycanın milli ordusu zərurət yaranarsa Qarabağ problemini hərbi yolla həll etməyə qadirdir. Bunu "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri də təsdiqləyir.
Sorğunun nəticələrinə görə, paytaxt əhalisinin 92,8%-i Silahlı Qüvvələrimizlə bağlı "qürur" və "hörmət" hissləri keçirir (2011-ci ilin yayında bu göstərici 91% idi). İctimai rəy sorğusu həmçinin göstərib ki, ordunun cəmiyyətdə nüfuzu yüksəkdir. Hər halda, "Ailə üzvlərinizdən birini orduya çağırsaydılar, onun xidmətə yollanmasına üstünlük verərdiniz, yoxsa əsgərlikdən yayınmasına çalışardınız" sualına cavab verərkən, 86,5% respondent birinci cavab variantını, yəni hərbi xidmətə yollanmasını seçib. Rəyi soruşulanların yalnız 7,2%-i ailə üzvünü əsgərlikdən yayındırmağa cəhd edərdi. Daha 6,3% isə sualı cavablandırmaqda çətinlik çəkib.
Xatırladaq ki, 2011-ci ilin yayında keçirilmiş sorğu zamanı bu cavabların nisbəti 84:8:8 olmuşdu.
Sorğu bu yaxınlarda Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində baş vermiş insidentə də ictimai marağın yüksək olduğunu müəyyən edib. Rəyi soruşulanların demək olar ki, hamısı (98%) cəbhədə mövqelərimizə hücum etməyə cəhd göstərmiş erməni vertolyotunun vurulmasından xəbərdardırlar. Təbii ki, paytaxt sakinləri hərbçilərimizin bu addımını çox müsbət qarşılayıblar: 98% buna müsbət yanaşdığını, cəmi 2% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Qarabağ probleminin həlli yollarına gəldikdə isə, respondentlərin 65%-i danışıqlara, 35%-i isə hərbi yola üstünlük verdiyini vurğulayıb. Hərçənd, son illər bu suala cavabların nisbəti demək olar ki, dəyişməz qalır (2011-ci ildə 63% danışıqları, 33% isə müharibə variantını seçmişdi). Respondentlərin ordumuzun döyüş qabiliyyətinə münasibəti isə aşağıdakı kimidir: Sizcə, zərurət yaranarsa, Azərbaycan Qarabağ problemini hərbi yolla həll edə bilərmi?
bəli, həll edə bilər 63% 58%
yəqin ki, həll edə bilər 22% 22%
yəqin ki, həll edə bilməz 3% 4%
xeyr, həll edə bilməz 6% 6%
cavab verməkdə çətinlik çəkirəm 6% 10%
Başqa sözlə, ictimai fikir sülhpərvər əhvalda olsa da, işğalçıya qarşı rəhmli görsənmir. Bakı əhalisi öz ordusu ilə qürur duyur və şübhə etmir ki, zərurət yaranarsa, Silahlı Qüvvələrimiz Qarabağ problemini hərbi yolla həll edəcək.

Əli