Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları Hadisə

Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

"Whatsapp" messencerinin istifadəçilərə aid məlumatların "Facebook"a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb oldu.

Trend-in məlumatına görə, bu müzakirələr insanlar arasında mobil tətbiqlərin nə qədər təhlükəsiz olduğu sualını da ortaya qoydu.

Bəs, doğrudan da həyatımızın ayrılmaz parçasına çevirilən "WhatsApp", "Messencer", "Facebook", "Telegram" və digər tətbiqlər təhüləkəsizdirmi?

Aparılan araşdırmalar onu göstərir ki, birmənalı şəkildə bu tətbiqlərin təhlükəsiz olduğunu, istifadəçilərin şəxsi məlumatlarından hansı formalarda istifadə etdiyini demək mümkün deyil.

İlk növbədə, bu, onunla əlaqəlidir ki, bu proqramların gizlilik siyasəti müxtəlifdir və bunu açıqlamırlar.

Ümumi mənzərə isə ondan ibarətdir ki, bu fərdi məlumatlar həmin tətbiqlər vasitəsilə toplanır, ümumiləşdirilir və sonradan bu məlumatlardan həmin insanların, cəmiyyətin, ölkənin əleyhinə istifadə olunmayacağı da sual altındadır.

"WhatsApp"la bağlı baş verən qalmaqal isə bütün bunların bir hissəsi idi. Sadəcə olaraq, fərq onda idi ki, "WhatsApp" açıq şəkildə etiraf etdi ki, ayrı-ayrı istifadəçilərin məlumatlarından istifadə edir və insalar da buna icazə verməlidir. Digər tətbiqlərin bunu etmədiyini isə demək mümkün deyil. Çünki bir çox sosial media şirkətləri öz gizlilik siyasətlərini açıqlamırlar.

Buna görə də bəzi ölkələr dövlət təhlükəsizliyini önəmli tutaraq bu ümumi tətbiqlərdən imtina etməyə öz tətbiqlərini yaratmağa başlayıblar.

Misal olaraq, qardaş Türkiyəni qeyd etmək olar. "WhatsApp" qalmaqalından sonra Türkiyənin rəsmi şəxsləri, o cümlədən prezident Ərdoğan "WhatsApp"dan itmina etdiyini bildirdi. "Whatsapp"ın gizlilik siyasətinə etiraz olaraq "Twitter" sosial şəbəkəsinin Türkiyə seqmentində "#DeletingWhatsApp" və "#WhatsAppSiliyoruz" heşteqləri ilə 100 mindən çox etiraz tviti atılıb.

"WhatsApp"-a etirazlar yalnız Türkiyə ilə yekunlaşmadı, Tesla və Space X-in yaradıcısı və sahibi İlon Mask da insanları "WhatsApp"dan itmina etməyə çağırdı.

"WhatsApp" qalmaqalı digər sualları da ortaya çıxardı.

Digər sosial şəbəkə tətbiqləri şəxsi məlumatların istifadəsilə bağlı qaydalara necə əməl edirlər?

Bir çoxlarınız bu halla rastlaşmısınız. "İnstagram", "Facebook", "Youtube" və ya digər proqramlarda hansısa videoya və ya reklama baxırsınız. Daha sonra digər proqrama keçid etdiyiniz zaman həmin mövzu ilə bağlı reklamlar və ya o tipli paylaşımlar burada da sizin qaşınıza çıxır.

Bəs əgər bu platformalar gizlilik siyasətinə əməl edirlərsə, necə olur ki, bu hal baş verir?!

Bəs, beynəlxalq normalarla bu gizlilik necə nizamlanır?

Qaydalara əsasən, insanların irqi, dini, siyasi, səhhəti haqqında məlumatlarının toplanması qadağandır:

Amma sosial şəbəkələrin bu məlumatları toplamağının qarşısını alan və ya buna nəzarət edən qrum, beynəlxalq təşkilat yoxdur.

Sosial şəbəkə tətbiqlərinin məlumatlarımızı toplaması ilə bağlı sübutlar isə ara-sıra üzə çıxır.

Belə ki, 2018-ci ildə "Facebook" istifadəçilərinin fərqi məlumatlarının toplanması ilə bağlı qalmaqal ortaya çıxmışdı. Faktlara görə, "Facebook" bu məlumatları Cambridge Analytica şirkətinə ötürüb. Şirkət isə bu məlumatlardan ABŞ-da keçirilən prezident seçkilərində istifadə edib. Nəticədə məhkəmənin qərarı ilə "Facebook" 5 milyard dollar cərimə edildi.

Mediada kiçik bir araşdırma aparmaqla bu kimi qalmaqalların daha çox olduğunu görə bilərsiniz.