Bu gün bələdiyyə seçkiləridir Hadisə

Bu gün bələdiyyə seçkiləridir

MSK: "15 min 35 yerə 37 min 77 nəfər iddia edir"

DİN: "Seçki komissiyalarının işini pozacaq hər hansı hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq"

"Bütün seçki məntəqələri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə tam hazırdır. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 yerə 37 min 77 namizəd iştirak edəcək". AzərTAc xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünən keçirdiyi mətbuat konfransında belə deyib.
Seçici siyahılarına 4 milyon 819 min 382 seçici daxil edilib. Səsvermə 5 min 15 məntəqədə keçiriləcək. Ümumilikdə namizədlər arasında 30 partiyanın təmsilçisi yer alır.
M.Pənahov bildirib ki, MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər keçirilib. MSK sədri deyib ki, yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il də polislə bağlı problemlər olmayacaq.
M.Pənahov qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında iradlara rast gəlinməyib: "Bu da onun nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm ki, bu il polislə bağlı heç bir problem olmayacaq".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
DİN-dən bildiriblər ki, bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq.
Qeyd olunub ki, seçki günü ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Seçki komissiyaları tərəfindən problemli məsələlərlə bağlı polis orqanlarına hər hansı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək.
Qanunverciliyə görə, polis əməkdaşı səsvermə günü уаlnız məntəqə seçki komissiyası sədrinin dəvəti ilə seçki məntəqəsinə daxil olaraq ictimai asayişin bərpa edilməsində və ya seçki məntəqəsinin qarşısına gələrək "exit-poll" fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında xidməti geyimdə iştirak etməlidir.
Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir. Məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil olduqda səsvermə müvəqqəti olaraq dayandırılır. Polis əməkdaşı ictimai asayişi bərpa edərkən qanunvericiliyin müvafiq tələbləri ilə yanaşı, bu tələbi də əsas götürməli, ictimai asayiş bərpa edildikdən sonra dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.
Azərbaycan Respublikasının vətəndaşı kimi polis əməkdaşının da qanunvericiliklə müəyyənləşdirilmiş qaydada seçkilərdə seçici kimi iştirak etmək hüququ var. Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır. Xidməti geyimdə olan polis əməkdaşı seçki məntəqəsinə yalnız səsvermədə iştirak etmək üçün və ya məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti ilə daxil ola bilər.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda 118 seçki dairəsində bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərdə vətəndaşlar səsvermə yolu ilə 1607 bələdiyyəyə 15 min 35 üzvü müəyyən edəcəklər. Səsvermə dekabrın 23-də saat 08:00-da başlayacaq, axşam saat 19:00-da bitəcək.