Türkdilli ölkələrin ortaq diaspor mərkəzinin açılışı olub Hadisə

Türkdilli ölkələrin ortaq diaspor mərkəzinin açılışı olub

Dünən Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin ilk ortaq regional diaspor mərkəzinin açılışı olub.
Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına Baş katibi, Türk Şurasının fəaliyyətdə olan sədri Ramil Həsənov, Türkiyə Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yönet Can Tezel və Kiyev merinin müşaviri Boqdan Balasinoviçin qırmızı lenti kəsməsindən sonra qonaqların iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov təmsil etdiyi qurum haqqında məlumat verib, ortaq diaspor mərkəzinin açılması istiqamətində Şuranın bu günədək gördüyü işlərdən danışıb. R.Həsənov dövlət rəhbərlərimizin hər zaman türk xalqları arasında birliyin gücləndirilməsinə böyük önəm verdiyini, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının IV zirvə görüşündə regional diaspor mərkəzlərinin yaradılması məsələsini müzakirə edildiyini deyib. "Bu gün qurduğumuz regional diaspor mərkəzi türkdilli ölkələrin beynəlxalq mövqeyinin gücləndirilməsi, türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyələrinin tanıdılması, müsbət imicin formalaşdırılması, sosial-siyasi baxımdan fəallığın artırılması, bu xalqların digər ölkələrdəki maraqlarının müdafiəsi, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınması, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində önəmli addımlar atacaq" – R.Həsənov belə deyib. Şuranın Baş katibi ortaq diaspor mərkəzinin açılmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Mərkəz türkdilli ölkələrin diaspor istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və Ukraynadakı türkdilli diaspor təşkilatlarının üzvlərindən ibarət qurum olacaq və Şuraya üzv olan ölkə təmsilçilərinin daxil olduğu İdarə Heyəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, tədbirdə Qazaxıstan Respublikasının Ukraynadakı səfiri Zautbek Turisbekov, Qırğız Respublikasının Ukraynadakı səfiri Ulukbek Çinaliyev, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin müşaviri Nazim Əliyev, Türkiyə Respublikası Yurtdışı Türklər və Akraba Toplulukları Başqanlığının sədri müavini Mehmet Köse, Krım Tatarları Məclis Başqanı Refat Cubarov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və digər türkdilli ölkələrin diaspor nümayəndələri iştirak edib. Çıxış edənlər türkdilli xalqların regional diaspor mərkəzinin önəmini vurğulayaraq, mərkəzin diasporlar arasında koordinasiyanı təmin edəcəyini bildiriblər.