Müdafiə Nazirliyindən şaxtalı havalarla bağlı açıqlama Hadisə

Müdafiə Nazirliyindən şaxtalı havalarla bağlı açıqlama

"Yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr qış mövsümü üçün tam təmin olunub"

Azərbaycan Silahlı Qüvvələrinin yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələrində qış mövsümündə və pis hava şəraitində xidmət üçün bütün tədbirlər həyata keçirilib və şəxsi heyət bunun üçün zəruri olan vasitələrlə təmin olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr artıq çoxdan qış mövsümünə hazırdırlar və bu istiqamətdə müvafiq tədbirlər yerinə yetirilib.
"Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin edilib", - deyə nazirlikdən bildirilib.
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə hərbi qulluqçular gündəlik ümumqoşun ərzaq payı normalarından əlavə müəyyən edilmiş qaydada ərzaq payı ilə təmin olunublar.
Eyni zamanda yüksək dağ şəraitində yerləşən bölmələrin şəxsi heyətinin stasionar şəraitdəki kimi yüksək kalorili, milli çeşidli və keyfiyyətli yeməklərlə qidalanmaları üçün həmin bölmələr konservləşdirilmiş 1-ci və 2-ci milli yeməklərlə də təmin ediliblər.