Su uğrunda müharibələr ola bilər Hadisə

Su uğrunda müharibələr ola bilər

Şirin suyun azalması və içməli su ehtiyatlarının çirklənməsi dünya qarşısında dayanan qlobal problemlərdən biridir

- Sən mənə nə verdin?
- Su verdim, mənim əzizim, Su!...

Bu sətirlər "Bir qalanın sirri" filmindəndir. Adıçəkilən filmi hamı xatırlayır yəqin ki. İçməli su uğrunda xeyirlə şərin mübarizəsinə həsr olunmuş uşaqlıq dövrümüzün ən sevimli filmi... Heç vaxt düşünməzdik ki, vaxt gələcək su uğrunda mübarizəyə biz də qoşulacağıq və ya ən azından həmin mübarizənin şahidi olacağıq. Həyati əhəmiyyətə malik şirin suyun azalması və içməli su ehtiyatlarının çirklənməsi dünya qarşısında dayanan qlobal problemlərdən biridir.
Yer kürəsinin əsas hissəsi sudan ibarət olduğundan, onu prinsipcə "su planeti" də adlandırmaq olar (hidrosfer yer səthinin 71 faizini təşkil edir). İlk baxışda elə düşünmək olar ki, planetimizin dördə üç hissəsi sudur və su təminatı barədə narahatçılığa heç bir əsas yoxdur. Lakin dəniz və okeanlardakı suyun miqdarı 1350 milyon kubkilometr təşkil etməsinə baxmayaraq onların duzluluğu bir litrdə təxminən 35 qramdır ki, belə sudan nəinki içmək üçün, heç təsərüffat məqsədləri üçün də istifadə etmək mümkün deyildir. Digər tərəfdən, yer kürəsində şirin su ehtiyatının xeyli hissəsi (30-50 milyon kubkilometr) buzlaqlarda cəmləşmişdir ki, ondan da praktiki olaraq istifadə etmək olmur. Beləliklə, dünyada mövcüd olan şirin su (bir kiloqram suyun tərkibində bir qrama qədər duz olduqda bu su şirin adlanır) ehtiyatı ümumi su ehtiyatlarının 0,06 faizini (0,8 milyon kubkilometr) təşkil edir və bu ehtiyatlar regionlar və dövlətlər arasında qeyri-bərabər paylanıb. Odur ki, hazırda 40-dan artıq dövlətdə şirin su çatışmazlığı mövcüdür. Digər tərəfdən, məlum səbəblərə görə şirin su hövzələrinin sürətlə çirklənməsi üzündən bu mənbələrin yararsız hala düşməsi şirin su çatışmazlığı problemini daha da dərinləşdirir.
Hazırda planetin hər 10-cu sakini, yaxud 780 milyon insan su qıtlığından əziyyət çəkir. Onların 40 faizdən çoxu Afirakanın payına düşür. 2050-ci ildə Yer kürəsinin əhalisinin 9 milyard nəfərə çatacağını proqnozlaşdıran BMT suya olan tələbatın da öz növbəsində 70 faiz artacağını xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə su mənbələrinin çirklənməsi ucbatından hər il 5 milyon insan dünyasını dəyişir. Daha 550 milyon insan isə müxtəlif infeksion xəstəliklərə yoluxur.
Alimlərin ehtimalına görə, dünyada 1,35-1,41 milyard kubmetr su ehtiyatı mövcuddur. Bu o deməkdir ki, hər bir insana orta hesabla 200 milyon kub.kilometr su həcmi düşür. Lakin məsələnin problemli tərəfi ondan ibarətdir ki, bu su ehtiyatının 96,5 fauzi duzlu su sayılır. Şirin su ehtiyatları ölkələrdən və regionlardan asılı olaraq qeyri-bərabər yerləşib. Belə ki, ABŞ, Kanada, Rusiya, İslandiya kimi ölkələrdə, yəni şimal qütbünə yaxın regionlarda bu baxımdan kifayət qədər ehtiyatlar mövcuddur. Çünki belə ölkələrdə dağ çayları və şirin su hövzələri çoxluq təşkil edir.
Afrika, Mərkəzi Asiya, Cənubi Amerika və Yaxın Şərq regionunda isə bu baxımdan ciddi sıxıntılar yaşanır. Əsasən, səhra və yarımsəhralardan ibarət Səudiyyə Ərəbistanı, Qətər və Küveyt və s. Yaxın Şərq ölkələri isə içməli suya olan tələbatını ödəmək üçün xarici ölkələrdən pul qarşılığında su alırlar.
Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir. YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə mili monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, Azərbaycan ərazisi su qıtlığı ilə səciyyələnən regionlar sırasındadır. Hər adambaşına düşən su ehtiyatı Azərbaycanda Ermənistandan 2,2 dəfə, Gürcüstandan isə 7 dəfə azdır. Bütövlükdə Qafqazda yeraltı və yerüstü olmaqla, 310 milyard kub metr şirin su var. Bunun 30 milyard kub metrə qədəri Azərbaycanın payına düşür. Çaylardakı su ehtiyatları 28,1 kubkilometr hesablanır. Azərbaycanın yerüstü su ehtiyatlarının 80 faizini Kür, Araz çayları və onların bir sıra transsərhəd qollarının suları təşkil edir. Bu çayların da ümumi həcminin 70 faizə qədəri qonşu ölkələrin ərazisində formalaşır. Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkə ərazisinə gətirilir. Çirklənmə səviyyəsi dayanıqlı olaraq qalır. Gürcüstanla sərhəddə yerləşən Şıxlı-2 monitorinq məntəqəsində Kür çayı suyunun tərkibində fenolların miqdarı sanitar normadan 4-8 dəfə, metallar 6-9 dəfə, neft məhsulları 2-3 dəfə, sulfatların miqdarı isə 2 dəfəyə qədər yüksəkdir. Mətanət Avazova bildirir ki, Kürün Gürcüstan ilə sərhəddən Mingəçevir su anbarına kimi axımında mütəşəkkil çirkləndirici mənbələrin olmaması və çayda gedən təbii özünütəmizləmə prosesləri, eləcə də Yenikənd su anbarında təmizlənməsi nəticəsində suyun tərkibindəki çirkləndirici maddələrin qatılığı 30-55 faizə qədər azalır, lakin bununla belə, onların miqdarı 2 dəfəyə qədər yüksək olaraq qalır.
Kürün transsərhəd qollarından biri olan Qanıx (Alazan) çayı da əsasən Gürcüstan ərazisində çirklənməyə məruz qalır. Çayın Əyriçay ilə qovuşan hissəsində çirkləndirici maddələrin qatılığı mütəmadi olaraq sanitar normanı dəfələrlə aşır.
Mətanət Avazova transsərhəd çayları ilə müqayisədə ölkənin daxili çaylarının az, mülayim çirklənməyə məruz qaldığını söyləyir. Kiçik Qafqaz regionu çaylarında nisbətən yüksək çirklənməyə məruz qalmış çay Qoşqarçaydır. Kiçik Qafqazın digər çayları (Şəmkirçay, Gəncəçay, Kürəkçay) nisbətən mülayim çirklənməyə məruz qalsa da, xüsusən Tovuzçayda fenolların və metalların qatılıqları sanitar normadan 2-3 dəfə, neft məhsulları və sulfatların qatılıqları isə 1,5-2 dəfə çoxdur.
Böyük Qafqazın cənub yamacının şərq hissəsindən axan çaylar (Türyançay, Qarasu, Dəmiraparançay, Göyçay) mülayim çirklənmiş su obyektlərinə aiddir. Bu çayların suyunun tərkibində metalların qatılıqları normadan 1,5 dəfə, fenollar, neft məhsulları və sulfatları qatılıqları isə sanitar norma həddində olub. Anoloji vəziyyət Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylarda (Qusarçay, Qudiyalçay, Vəlvələçay) da müşahidə olunur. Ölkənin su obyektlərindən daha az çirklənməyə məruz qalan isə Talış dağlarından axan çaylardır.
Çaylarımızın üzərində süni olaraq yaradılmış və əsasən energetika məqsədləri üçün istifadə olunan su anbarları da su mənbələri sırasındadır. Bu sırada Mingəçevir, Şəmkir, Yenikənd, Araz, Ceyranbatan və digər su anbarlarını qeyd etmək olar. 1957-ci ildə Bakı şəhərinin içməli su təminatını ödəmək üçün inşa edilən Ceyranbatan su anbarı istisna olmaqla, digər su anbarlarından əsasən kənd təsərrüfatı və energetika sahəsində istifadə edilir. Mətanət Avazova qeyd edir ki, ölkə ərazisində su anbarlarına birbaşa axıdılan çirkləndirici mənbələr yoxdur. Lakin su anbarlarımız tranzit çayların suları hövzəsindədir və çaylara daxil olan çirkləndiricilər də tranzit daşınır.
Bəzi ekspertlərin fikrincə, gələcəkdə dünyada su qıtlığı səbəbindən müharibələr də baş verə bilər. Xüsusən, bir neçə ölkənin ərazisindən keçən çaylar buna səbəb ola bilər. Məsələn, Rusiyada Ob çayının ən böyük qolu olan İrtış çayı mənbəyini Çin-Monqolustan sərhəddindən götürür. 500 kilometr boyunca Çin, 1800 kilometr boyunca isə Qazaxıstanda axan çay sonradan Rusiya ərazisndə daxil olur və Ob çayı ilə qovuşur. Beynəlxalq razılığa əsasən, hər bir ölkə mənbəyi öz ərazisində başlayan çayın su sərfiyyatının yarısına sahib ola bilər. Çayın axdığı ikinci ölkə isə ərazisndə daxil olan suyun yarısına sahiblənir. Beləliklə, üçüncü ölkə çayın yalınz dörddə birini əldə edir. Bu prinsiplə su ehtiyatlarını müəyyən edən Çin və Qazaxıstan İrtışın Rusiyaya azsulu gəlməsinə səbəb olublar. Eyni problem Türkiyə və Suriya arasında Dəclə və Fərat çaylarının istifadəsi ilə də bağlıdır. Türkiyənin ərazisində formalaşan çayların üzərində su anbarları tikməsi İraq və Suriyada su çatışmazlığı və bəzi ərazilərin səhralaşmasına səbəb olub.
Azərbaycan da su qıtlığı yaşayn ölkələr sırasındadır. Cənubi Qafqazdakı ümumi su balansının yalnız 10 faizi ölkədə yerləşir. Azərbaycanın ümumi su ehtiyarları 35 milyard kub metr təşkil edir. Lakin həm əhalinin içməli su ehtiyatı ilə təmin olunması, həm də kənd təsərrüfatı və sənaye məqsədilə sudan istifadə müəyyən su çatışmazlığı problemini aktual edib. Bundan əlavə, torpaqlarımızın 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması nəticəsində mənbəyini Kiçik Qafqaz dağlarından götürən bir neçə bolsulu çay respublikanın düşmən nəzarəti altında olan ərazisinə daxil olur. Mənbəyini Kəlbəcər rayonu ərazisindəki dağlardan götürən 200 kilometr uzunluğundakı Tərtər çayı buna nümunədir. Çayın üzərində sovet dövründə tikilmiş su anbarları da düşmən nəzarətində qalıb.
Buna baxmayaraq, geoloji araşdırmalar Azərbaycanda kifayət qədər yeraltı su ehtiyarlarının olmasından xəbər verir. Dünya əhalisinin 40 faizi iki və ya daha çox ölkənin nəzarət etdiyi transsərhəd su mənbələrindən asılıdır. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş vermişdir. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi - su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.
Su ehtiyatı az olan ölkələrdə dəniz suyunun şirinləşdirilməsi: eləcə də çirkab sularının təkrar istifadəsi metodu təklif edilir və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrdə uğurla tətbiq edilir.

Ülviyyə Tahirqızı