Nazir paytaxt polisini tənqid edib Hadisə

Nazir paytaxt polisini tənqid edib

"İdarəçilik fəaliyyətində nöqsanlara yol verilib"

Yanvarın 23-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız sürətlə inkişaf edir və onun beynəlxalq mövqeləri daha da möhkəmlənir.
Nazir bildirib ki, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.
Nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
O, ötən ilin sonlarında Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanıldığını, nəticələrinin naziryanı əməliyyat müşavirəsində müzakirə olunaraq qarşıda duran vəzifələrin müəyyən edildiyini, aşkarlanmış nöqsanların planlı surətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.