Lənkəranda “Açıq qapı” günü təşkil olunub Hadisə

Lənkəranda “Açıq qapı” günü təşkil olunub

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təşkili barədə məlumatlandırılması məqsədilə növbəti "Açıq qapı" gününü yanvarın 30-da Lənkəran rayonunda keçirib. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhərinin işəgötürənlərinin iştirak etdiyi tədbirdə ölkəmizdə hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnun olduğu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın əmək qanunvericiliyi iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması məqsədilə işəgötürənlər qarşısında konkret vəzifələr müəyyən edir. İşəgötürənlər tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi, əməyin mühafizəsi normalarının pozulması nəticə etibarilə istehsalatla əlaqəli bədbəxt hadisələrə, bu hadisələrdə işçilərin həlak olmaları və xəsarət almalarına, yaxud peşə xəstəliklərinə düçar olmalarına gətirib çıxarır. Ona görə də hər bir işəgötürən əmək münasibətlərində olduğu işçi insanlar üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması baxımından sosial məsuliyyət hissinə malik olmalı və işçi insanın həyatı, sağlamlığı onun işlədiyi müəssisənin iqtisadi mənafeyindən üstün tutulmalıdır. DƏMX tərəfindən respublikada "Təhlükəsiz iş ongünlüyü"nün elan olunması , bu tədbir çərçivəsində paytaxtda və bölgələrdə belə tədbirlərin keçirilməsi də işəgötürənlərin işçilərin əməyinin mühafizəsinə diqqətinin artırılması məqsədinə yönəlib.
Tədbirdə DƏMX-in mütəxəssisləri idarə, müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə norma və standartlar barədə işəgötürənlərə dolğun məlumatlar, iş yerlərində texniki təhlükəsizliyin təmini ilə bağlı izahatlar veriblər. Habelə ayrı-ayrı işəgötürənlər öz müəssisələrində əməyin mühafizəsi sahəsində görülən tədbirləri qeyd ediblər. "Açıq qapı" günündə işəgötürənlərin müvafiq mövzu ilə bağlı sualları da cavablandırılıb.