Oğluma iş axtarıram.... Hadisə

Oğluma iş axtarıram....

Arzu Şirinova

Bunu mən demirəm. Uşaqların təlim-tərbiyəsilə məşğul olan və bünövrəsi məhz bu ocaqda qurulan bağçanın müdiri deyir. Dostum danışır ki, bağça müdiri oğlundan ona bir xeyli giley eləyib: "Allah adama oğul verəndə də yaxşısını versin. Daha mənimki kimi zay olmasın. Məktəbə gedəndən özü ağırlıqda pul tökmüşəm müəllimlərə. Sinifdən-sinifə puı gücünə keçib. Ali məktəbə də pul verib qoydurmuşam. Düzdür, özəldə oxusa da, hər halda ali məktəb sayılır. Məni yandıran odur ki, bir o qədər əməyin qarşısında heç nə öyrənməyib. Bu gün, sabah evlənəcək. Ailəsini necə saxlayacaq dərd məni götürüb". Dostum soruşub ki, bundan sonra neyləmək fikrin var? Cavabı nə olsa yaxşıdır? Deyib ki, savadı olsa pullu yerlərdən birinə düzəldər: "Ancaq həmin yerlərdə işləyə bilməz. Mən də fikirləşirəm ki, ən yaxşısı icra hakimiyyətində "instruktor" yerinə keçirməkdir". Dostumun təəccübləndiyini görən bağça müdiri deyib:"Yəni fikirləşirsən ki, bunu da bacarmaz? Yox əşi, verilən tapşırıqları ora-bura çatdırmağa nə var ki? Hərdən də idarə, müəssisələrə çıxırlar. Özüm təlimatlandıraram. Lap lazım gəlsə, bir müddət onun işlərini görərəm. Təki bir şey öyrənsin".
Bir müddətdən sonra savadsız oğula icra hakimiyyətində anasının dediyi kiimi iş verilir - "instruktor". Bir müddət də keçir həmin bu "instruktor" ailə qurur və toyuna dost-tanışla birgə mənim dostum da dəvət olunur. Təbrik üçün valideynlərə söz veriləndə anası deyir:"Allah zəhmətimi əlimdə qoymadı, sənin bu gününü də görüdüm. O gün olsun məni sənə görə tanıyıb, hörmət eləsinlər".
Dostum deyir sanki tamaşa izləyirmiş: "Hər kəsin, ana da daxil, cildə girməsi o qədər təsirliydi, bu ailənin tanımasaydım, fikirləşərdim ki, yazıq oğlan nə əziyyətlər hesabına bu "mərtəbəyə" qalxıb".
Toydan bir il sonra oğlan - "instruktor" dostum işləyən idarəyə gedir. Səbəb də idarədə 20 Yanvar hadisəsiylə bağlı tədbirdə icra hakimiyyətini təmsil etmək olub.
...Maşından düşən "instruktor"u qarşılayan işçilər onu müdirin otağına aparırlar. Müdir də sanki, mühüm bir şəxsi qarşılayırmış kimi qəbul otağındaca onu salamlayıb kabinitinə dəvət edir. Çay süfrəsi arxasında 20 Yanvardan başqa hər şeydən danışırlar. İşçilərin zalda onları bir saatdan artıq gözləməsinə baxmayaraq, danışırlar. Nəhayət, durub zala keçirlər. Bu "instruktor"un ürəyindən keçirmiş ki, zala daxil olanda bunun üçün çəpik çalsınlar. Çünki....
...İşçilərdən biri 20 Yanvarda Azərbaycanda sovet imperiyasının əsgərlərinin törətdikləri qırğınlardan geniş danışıb və həmin günlə bağlı sənədli film nümayiş olunub. Məruzədən sonra çıxışlar olub və hər kəs sovet əsgərlərinin vəhşiliklərini pisləyib. Sonda iclası aparan müdir "instruktor"a söz verib. "İnstruktor" ona söz veriləcəyini gözləmədiyi üçün tənbəl-tənbəl yerindən qalxaraq deyib:"Vallah mən nə deyim. Mən də siz deyilənlərə qoşuluram və bayramınızı təbrik edirəm".
Zalın heyrətləndiyini və bu heyrətin arxasınca nələr olacağını anlayan müdir tez-tələsik iclası yekunlaşdırıb "instruktor"la çıxır. Onu heç otağına dəvət etmədən həyətdə gözləyən maşına qədər ötürür. Və geri qayıdanda narazı işçilərin etirazı ilə qarşılaşır. Orada işləyən dostumun dediyinə görə, bu olay bir müddət müzakirə olunub. Nə yazıq ki, "instruktor" cəzalandırılmayıb, əksinə vəzifədə bir qədər də irəliləyib...
...Bu gün yaxın tariximizdə baş verən hadisələri bilməyənlərin sayı nə yazıq ki, kifayət qədərdi. Və bunların sırasında tək müğənnilər deyil, həm də institut tələbələri, ayrı-ayrı idarə və müəssisələrdə çalışanlar da var. Onlardan birinin anası isə "o gün olsun məni sənə gərə tanısınlar" duasını dilə gətirir...
Allah bizi belə oğullra görə tanınmağı nəsib etməsin. ..