Yaqub Mahmudovdan açıqlama Hadisə

Yaqub Mahmudovdan açıqlama

"Tarix İnstitutu haqda yazılanlar ünvanımıza növbəti böhtandır"

"AMEA Tarix İnstitutunun saytının müvafiq bölmələrində iş aparılır. Bu haqda da həmin səhifədə bölmə üzərində iş getdiyi yazılıb. Tarix İnstitutunu "biabırçılıqda" ittiham edən mətbuat orqanlarının diqqətinə çatdırmaq istəyirəm ki, Ağdərə rayonunun işğalı onların yazdıqları kimi, 1993-cü il 7 iyul tarixində deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə "Azərbaycan" qəzetinin 29 mart 1997-ci ildə çap olunmuş sayında məlumat verilib".
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Y.Mahmudov rəhbərlik etdiyi institutun saytında Ermənistanın nəzarətində olan Ağdam və Ağdərə rayonlarının işğal tarixlərində yanlışlıq olması barədə mətbuatda yazılanlara münasibət bildirərək, bunu texniki səhv adlandırıb: "Biz dəqiqləşdirilmiş məlumatı ötən ilin sentyabrın 20-də saytın texniki işçilərinə göndərmişdik. Ancaq saytın işçiləri institutla razılaşdırmadan yanlış banneri saytda yerləşdiriblər. Bildirmək istəyirəm ki, bölmə üzərində iş getdiyi üçün Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta yerləşdirməyib. Tarix İnstitutu haqda yazılanlar ünvanımıza növbəti böhtandır".
Qeyd edək ki, institutun saytında Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyunun 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub.