8 Mart xanım jurnalistlərin gözü ilə Hadisə

8 Mart xanım jurnalistlərin gözü ilə

Ülviyyə Sabirqızı: "Elə bir hədiyyə gözləyirəm ki, məni təəccübləndirsin"
Səidə İbrahimli: "Hər bir xanım bu gündə diqqət, qayğı, sevgi gözləyir"
Gülnaz Qənbərli: "Qadın üçün bu bayramda sevildiyini bilmək daha önəmlidir"

Kişilər nə qədər Martın 8-nə etiraz etsələr də bu qadınların əziz günü olaraq qalır. Doğulandan ölənə kimi zəhmətdən bir addım kənara çəkilməyən Azərbaycan qadınının günüdür bu gün. Klara Setkin azərbaycanlı olmasa da fikirləri, ideyaları, haqq uğrunda mübarizə əzmkarlığı ilə Azərbaycan qadınına yad deyil. Bu gün müharibə zamanı qətlə yetirilən, eləcə də günahkar kürsünün daimi sakini olan onlarla Azərbaycan qadınını müdafiə edəcək yerli Klara Setkinə ehtiyac var.
8 Mart Azərbaycan xanımının şüuraltı olsa da doğmalarından, ətrafındakı insanlardan bir diqqət gözlədiyi gündür. Bəs daim iş başında olan Azərbaycanın xanım jurnalistlərinin bu günə olan gözləntiləri nədir? Ümumiyyətlə, 8 Martla bağlı hər hansı xatirələri varmı? Gün.az saytının əməkdaşı Ülviyyə Sabirqızı bu gün heyrətlənmək arzusundadır: "Doğmalarımdan elə bir hədiyyə gözləyirəm ki, məni təəccübləndirsin. Yaxşı menada heyrətlənə bilim. Mütləq o hədiyyənin yanında ağ liliya çiçəyi də olmalıdır. Mənim üçün ən maraqlı xatirə hər il 8 martda çalışdığım media orqanında biz xanım jurnalistlərin əks cinsin nümayəndələrinin diqqətindən kənarda qalmamağımızdır. İstər əvəllər işlədiyim radio, qəzet, saytlarda, istərsə də, indi çalışdığım Gün.az informasiya saytında redaksiyamızın kişiləri tərəfindən sürprizlə qarşılaşmışıq. Bu xatirələr mənim üçün çox əziz və silinməzdir".
Müstəqil jurnalist Fərəh Sabirqızı 8 Martı çox gözəl bir xatirə ilə yadda saxlayır: "Hər dəfə 8 mart gələndə, bir hadisəni xatırlayıram. Nişanlı vaxtı 8 Mart günü görüşə çıxmışdıq. Nişanlım xeyli gecikirdi, artıq əsəbiləşirdim, yanımda da tanımadığım bir yaşlı qadın məni müşahidə edirdi. Xeyli sonra nişanlım əlində çox böyük dəstə güllə gəldi, dedi ki, gül mağazasında növbə olduğundan gecikib. Bu vaxt qadın özünü saxlaya bilmədi: "Yaxşıdır qızım, gözləməyinə dəyərdi". İndi isə bu bayrama o qədər də ciddi önəm vermirəm, xüsusi gözləntilərim də yoxdur. Özüm isə yaxınlarıma simvolik hədiyyələr alıram. Axı hədiyyə qəbul etmək hər kəsin xoşuna gəlir..."
Kanal M5 İnternet Televizyasının əməkdaşı Səidə İbrahimli 8 martda uşaq vaxtı ona hədiyyə edilən gəlinciyi xatırlayır: "8 Mart qadınların səbrsizliklə gözlədikləri bayramlardan biridir. Hər bir xanım bu gündə diqqət, qayğı, sevgi gözləyir. Axı həmin gün məhz onların günüdür. Mən də həmin gün çalışıram ki, ən yaxınımdakı qadınları təbrik edim. Gözlədiyim hədiyyə isə çoxdur. Məsələn, ən sevdiyim ətir, maraqlı bir kitab, çiçək və sairə. 8 martla bağlı maraqlı xatirəm isə uşaq ikən qardaşımın aldığı gəlincik olub. Çünki ilk 8 mart hədiyyəm idi. Azərbaycan qadınları hər bir şeyin ən gözəlinə layiqdirlər. Sizin vasitənizlə bütün Azərbaycan xanımlarını təbrik edir və qadın səadəti, xoşbəxtliyi arzulayıram".
Eyni televizayanın digər xanım əməkdaşı Günel Mehdi həmişə 8 martda çoxlu hədiyyə aldığını deyir: "Bu gün beynəlxalq qadınlar günüdür. 8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başladığı hüquqi mübarizə olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir. 8 Mart qadınlar bayramı mənim üçün həmişə hədiyyələrlə yadda qalır. Bu vaxta qədər çox hədiyyələr almışam. Hədiyyələr içərisində ən çox sevdiyim isə ətir və güldür. Ən yadda qalanı isə məktəb illərində keçirdiyim 8 mart bayramıdır. Sinifdə qızlar oğlanlardan çox olduğuna görə ancaq bizə tort alırdılar. Bu ənənə hər il davam edirdi. Biz də zarafatla deyirdik ki, pulunuz çox çıxmasın deyə hədiyyə yerinə tort alırsınız, hələ üstəlik özünüz də yeyirsiniz. Əlbəttə ki, bütün bunlar zarafatla deyilən sözlər idi. Əsas diqqətdir. Mən arzu edərdim ki, qadınlarımız nəinki 8 Mart günü, həmçinin ilin bütün gününü diqqət və qayğıdan məhrum olmasınlar. Bütün qadın jurnalist həmkarlarımın simasında xanımları səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək, əziz qadınlar!"
"Mövqe" qəzetinin xanım yazarı Zülfiyyə Quliyeva deyir ki, onun üçün əsas həmin günü göstərilən diqqətdir: "8 martda hədiyyəni hər bir qadın gözləyir. 8 martda həmişə birinci məni qardaşım təbrik edir, bir dəstə nərgizgülü ilə. Yoldaşım isə hədiyyəni axşama ancaq gətirib çıxarır. Onun hədiyyələri hər il fərqli olur. Ötən il gül buketi ilə məni təbrik etmişdi. Amma əvvəllər hədiyyələrim daha bahalı olurdu. Bu il söz verib ki, bu ənənəni davam etdirəcək. Sürprizin nə olduğunu oğlum mənə xəbər verib. Eşitdiyimə görə bu 8 martda hədiyyəm üzərində 8 rəqəmini əks etdirən klonla sepdi. Oğlum deyir ki, bu hədiyyəni 3-ü, yəni oğlanlarımla yoldaşım birgə alıb. Ona görə də üçlüyün hədiyyəsi olaraq mənə verəcəklər. Hər halda Nihad belə deyir. Ona görə də sabahı səbirsizliklə gözləyirəm. Amma 8 martda həmişə məni ailəmdən də əvvəl dostlarım, tədbirlərinə qatıldığım qurumlar təbrik edir. Ona görə də hədiyyələrimi ayın 7-dən almağa başlayıram. Hər halda hədiyyənin böyük-kiçik olmasının fərqi yoxdur. Əsas diqqətdir. Yetər ki o hədiyyə ürəkdən verilsin. Diqqət göstərən hər kəsə təşəkkürlər".
"Qafqazinfo"nun xanım əməkdaşı Günel Əbilova onun üçün hədiyyənin önəm daşımadığını bildirir: "Düzü, mənim üçün bayram anlayışı bir az fərqlidir və hədiyyə böyük önəm daşımır. Hətta yoldaşıma belə deyirəm ki, 8 Mart bizim özəl günümüz deyil. Ona görə də özünü əziyyətə salma. Bu gün əslində o qadınların bayramıdır ki, il boyu diqqət görmürlər və bu gün qarşı tərəfdən qayğı, nəvaziş və sevgi gözləyirlər. Bu məqam da düzü, məni çox üzür. İlboyu əziyyət çəkən ana, qadın, həyat yoldaşı ildə bir dəfə həyatında olan kişilərdən sadəcə onların gününü xatırlamasını istəyir. Təəssüf ki, bəziləri bu gündən də səmərəli istifadə edə bilmir. Mən isə bu gün sadəcə anamı sevindirmək istəyirəm".
Ən sirli, ən maraqlı və ən romantik hədiyyəni isə müstəqil jurnalist Gülnaz Qənbərli alır: "8 mart Beynəlxalq Qadınlar Gününü bayram olaraq hansı qadın desə ki, onun üçün əhəmiyyətsizdir, inanmayın. Qadınlar doğum günündən daha çox, məhz, bu gün həyatlarındakı kişi tayfasından hədiyyə gözləyirlər. Atadan, qardaşdan, oğuldan, ərdən və sevgilisindən. Amma bunların hamısı bir arada çətin ki, olsun. Hər qadına elə cəmi bir kişidən hədiyyə gəlsə, yenə dünyalar onun olacaq... Bu hədiyyə istər bahalı parfüm, brend saat, qiymətli daş-qaş və ya çiçək belə ola bilər... Sevən qadın üçün məhz bu bayramda diqqətdə olduğu, unudulmadığı, sevildiyini bilmək önəmlidir...
Həyatımda heç hədiyyə almadığım günlər də olub, hədiyyə yağışına tutulduğum da. Amma unudulmaz hədiyyələr də var onların arasında... Gül-çiçəyə olan həvəsimi bildiyindən atam mənə dibçək çiçəkləri hədiyyə edərdi. Dünya mənim olardı, dibçəklərimin sayı artanda. Əvəzində atam məndən onun əvəzinə anama bəlağətlə şer söyləməyimi xahiş edərdi. Oğlum Mətin ağlı kəsəndən öz əlləriylə hazırladığı hədiyyələri bağışlayır. Bu hədiyyələr əsasən müxtəlif komponentlərdən hazırlanmış şamdanlar, badələr və ya sadəcə çiçək rəsmləridir. Deyir ki, sənə əsil hədiyyəni pul qazananda alacağam. Bu il isə yenə mənim üçün molbertdə nəsə çəkir, yəqin bir dəstə çiçək olacaq. Amma sevgilisinə hədiyyə almaq üçün həm pulu, həm də məsləhəti məndən alıb. Həyatımda qeyri-adi formada hədiyyələr almışam. Amma ən yadda qalan qardaşım kimi hörmət bəslədiyim, tanınmış vəkil Elmar Süleymanovun ötən il etdiyi hədiyyə idi. Ötən bayram çox xəstəydim, bir az da ümidsiz... Baldızım gəldi ki, qospitallardan birinə müayinəyə gedək. Həkim qohumlarımızdan biri müayinə edəcəkdi. Heç vaxt unutmaram. Ayna Sultanovanın heykəlinin yanına çatmışdıq ki, zəng gəldi. Elmar idi, təbriksiz salamlaşıb dedi ki, "hardasınız, sizə gəlmişəm, amma yoxsunuz..." Dedim yoldayıq. Dedi ki hardasınızsa maşını orada saxlayıb dayananın, məni gözləyin... Dediyi kimi də etdik. Qospitala çatmamış maşını əylədik və gözlədik. Az sonra qarşıdan Elmarın maşını gəlib çıxdı. Küçədə hər kəs bizə baxırdı. Maşınlar eyni vaxtda dayandı. Biz maşından düşdük... Bir dəstə gül və hədiyyə... Haaaa.... dünya mənim idi, əhvalım düzəldi. Təbrik etdi, sonra isə maşınlar işə əks istiqamətlərə yola düşdü. Baxdıq ki, tıxac yaranıb. Amma bu küçə tıxaclıq yer deyildi, axı. Demə, hamıya maraqlı gəldiyindən atomobilləri saxlayaraq, dayanıb baxırmışlar. Müayinəyə getdik, şükür hər şey gözlədiyimizdən yaxşıydı... Bəlkə də baş verən qeyri-adi təbrik bu yaxşılığa rəvac vermişdi, bilmirəm. Amma ailə dostumuzun bu jestini fasebook səhifəmdə paylaşdım. Ən qeyri-məchul hədiyyəni isə artıq 8 ildir ki, tanımadığım birindən alıram. Nəfis bükülmüş qutunun içində bir dəstə dağ bənövşəsi. Hər il xüsusi daşıma şirkətindən zəng edib harada olduğumu soruşur, sonra isə hədiyyəni gətirib təqdim edirlər. İndiyədək də mənim ən sevimli çiçəyimi belə əziz gündə hədiyyə edənin kimliyini bilmirəm. Mənim üçün bu hədiyyə Mister X-in alicənablığıdır, vəssalam. Başqa heç kimdən hədiyyə gözləmirəm... Ən çox sevdiyim hədiyyə isə səmimi təbrikdir...
Ekspress qəzetinin yazar xanımı İradə Cəlil deyir ki, onun üçün bayram günü hədiyyə əvəzinə ürəkdən gələn səmimi təbrik belə yetərlidir: "Mən ən çox ətirləri sevirəm. Bir az qəribə xasiyyətim var. Bayramdan öncə yada salıram ki, baxın mən duxunu sevirəm. Yaxın dostlarım artıq bunu bilir. 8 Martla bağlı xüsusi xatirəm yoxdur. Amma yadımdadır ki, altı il öncə 8 Mart günü xoşagəlməz hadisə yaşandı. Belə ki, həmin gün mən hədiyyə, təbrik gözlədiyim halda quru sözlə də olsa yada salınmadım və həmin gün bərbad bir gün keçirdim. Amma bu 8 marta sevdiyim insanların bir kəlmə sözü belə məni xoşbəxt edə bilər. Hədiyyə önəmlidir, amma olmasa adi sözə də qane olan insanam. Mənim üçün mehribanlıq, səmimilik, qayğı və sevgi dediyim hədiyyələrdən önəmli və dəyərlidir. Amma bəzən olur ki, heç quru sözlə də yada salınmırıq".

Ülviyyə Tahirqızı