FHN-in Bakı Regional Mərkəzi Binəqədidə maarifləndirmə tədbiri keçirib Hadisə

FHN-in Bakı Regional Mərkəzi Binəqədidə maarifləndirmə tədbiri keçirib

Tural

FHN-in Bakı Regional Mərkəzi Fövqəladə Hallar Nazirliyinin digər qurumları ilə birgə 12 fevral 2015-ci il tarixində Binəqədi rayonu 246 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları iştirak etmiş, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir. Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı davranış qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissədən sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilib. Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə "Zəlzələ həyəcanı" elan edilmişdir. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və yaralıya ilkin tibbi yardımın göstərilməsi nümayiş olunmuşdur. Praktik hissə şərti zəlzələ ilə bağlı xəbərdarlıq siqnalından sonra şagirdlərin təxliyyəsi üzrə məşqlə başlamışdır. Şagirdlər müəllimlərin rəhbərliyi altında məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışlar.
Ərazinin ümumi, kimya, radiasiya, mühəndis və yanğın kəşfiyyatı aparıldıqdan sonra Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri tərəfindən məktəbdə qalanların axtarışı və yaralıların xilas edilməsi üzrə xilasetmə əməliyyatı həyata keçirilmişdir.
Təxliyyə üzrə məşqdən sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, bu zaman "Sprinter" ("Mercedes BENZ") markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Bundan əlavə, məktəbdə qoyulması simulyasiya edilmiş partlayıcı qurğu XRXX-nin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilmişdir. Tədbir FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatmışdır.