Bələdiyyələrin yol verdiyi qanun pozuntuları açıqlandı Hadisə

Bələdiyyələrin yol verdiyi qanun pozuntuları açıqlandı

Milli Məclisin dünən keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Məruzədə qeyd edilib ki, əsas qanun pozuntularına bələdiyyə torpaqlarının idarəçiliyində yol verilib.
O qeyd edib ki, bu sahədə qanun pozuntuları təhlil edilib. Ümumiləşdirilmə nəticəsində bələdiyyələrin daha çox qanun pozuntularına kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması sahəsində qeydə alınıb.
V.Zahirov əlavə edib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub: "Bu 2013-cü illə müqayisədə 11,4 % çox olub. Daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb, nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3 552 aktın dəyişdirilməsi, yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib".
Onun sözlərinə görə, verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır.
O, həmçinin qeyd edib ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Nazir müavini deyib ki, ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb.
Məruzə ilə bağlı çıxışlar zamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkədə bələdiyyə sisteminin formalaşmasında Türkiyə təcrübəsinin tətbiq edilməsinin əleyhinə çıxıb.
Əvvəlcə bələdiyyələrə nəzarətlə bağlı illik məruzənin müzakirəsi zamanı deputat Elmira Axundova bələdiyyələrin formalaşmasında nöqsanların olduğunu, nümunə kimi Türkiyə təcrübəsindən yararlanaraq bunun aradan qaldırılmasını təklif edib.
Ona cavab olaraq çıxış edən S.Novruzov isə bildirib ki, Türkiyədə sistem fərqlidir: "Orada daha çox böyükşəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. İndi biz bunu da hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən daha çox olar. Bəzən Azərbaycanda bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilər ki? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir".