Növbəti tədris ilində 12 illik təhsilə keçid gözlənilmir Hadisə

Növbəti tədris ilində 12 illik təhsilə keçid gözlənilmir

Təhsil naziri: "Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq"

Təhsil Nazirliyinin korrupsiyaya qarşı mübarizə ilə bağlı mövqeyi dəyişilməz olaraq qalacaq. Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, dövlət başçısının bütün çıxışlarında vurğulandığı kimi, ümummilli maraqlara zidd olan ən birinci mövzulardan biri də korrupsiya hallarıdır.
Nazirin sözlərinə görə, təhsil sistemində təhsilalanlar və təhsilverənlər arasında münasibətin, ümumiyyətlə təhsil ab-havasının paklığı xüsusilə ona görə mühümdür ki, təhsil sistemində şəxsiyyət formalaşır: "Statistikaya diqqət yetirsək və təhsilalanların mütləq əksəriyyətinin gənc və yeniyetmələr olduğuna nəzərə alsaq, onların şəxsiyyət və vətəndaş mövqeyinin formalaşmasında təhsilin rolu əvəzsizdir. Bu prizmadan da biz təhsil sistemində şəffaf və münbit ab-havanı təmin etməliyik. Düzdür, ağrılı bir proses olacaq, müəyyən müqavimətlə rastlaşacağıq. Bu məlumdur, amma biz bunu edəcəyik. Korrupsiya ilə mübarizə istiqamətində işlər davam etdiriləcək. Bizim tədbirlərimiz yalnız korrupsiya hallarına reaksiya ilə məhdudlaşmaqdan ibarət deyil, həmçinin bu işlər sistemli şəkildə elə qurulmalıdır ki, korrupsiya üçün məkanı mümkün qədər daraltsın. Məqsəd inzibatçılıqda asılılıq, qeyri-şəffaflıq məsələsi, qərarın şəffaf müəyyən olunmuş amildən deyil, bir şəxsin istəyindən asılılığı kimi meyarları sistemli şəkildə aradan qaldırmaqdır".
Nazirin sözlərinə görə, növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir. O bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək.
Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: "12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq. Bu kimi çatışmazlıqları etməmək üçün hazır olan kimi 12 illik təhsilə keçəcəyik. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir".