Avropa Azərbaycanla viza rejimini sadələşdirdi Hadisə

Avropa Azərbaycanla viza rejimini sadələşdirdi

AvroParlament readmissiya sazişini təsdiqlədi

Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair keçən il Vilnüsdə imzalanan razılaşmanı təsdiq edib. Qərar martın 12-də keçirilən səsvermədə qəbul edilib.
Amma hələ sənədin qüvvəyə minməsi prosesi tam yekunlaşmayıb. Bundan sonra Avropa Birliyinə daxil olan 28 ölkənin hər birində də həmin razılaşma təsdiq edilməli, ondan sonra sənəd qüvvəyə minməlidir. Bu proses də bir neçə həftə davam edə bilər.
Bundan başqa, yaxınlarda Azərbaycanla həm də readmissiya haqqında razılaşma imzalanacaq. Readmissiya bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsi deməkdir.
Viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması bir-biri ilə bağlı olan iki sənəddir.
Onların hər ikisinin tam imzalanıb təsdiq etməsi hələ bir müddət vaxt ala bilər.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən ilin noyabrında Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində imzalanıb. Azərbaycan parlamenti sənədi ratifikasiya edib.
Azərbaycan Şengen zonasına daxil olan, amma Avropa Birliyi üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə də sadələşdirilmiş rejim haqqında ayrı-ayrı sazişlər imzalamalıdır.
Sadələşdirilmiş rejim Şengen vizalarının alınması üçün təqdim edilən sənədlərin sayca azaldılmasını, rüsumun 60 avrodan 35 avroya endirilməsini nəzərdə tutacaq.
Bəzi vətəndaşlar - təhsil almağa, müalicəyə, qohumlarına baş çəkməyə gedən şəxslər üçün rüsum ümumiyyətlə ləğv ediləcək.
Diplomatik pasport sahibləri vizasız səfərlər həyata keçirə biləcəklər.