Novruz bayramı fərqli ölkələrdə necə qeyd olunur? Hadisə

Novruz bayramı fərqli ölkələrdə necə qeyd olunur?

Bu gün Novruz bayramıdır. Novruz bayramını bir ços türk və müsəlman dövlətləri qeyd edirlər. Müxtəlif ölkələrdə bu bayramın necvə qeyd olunması maraq doğurur.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar.Bayramın əsas simvolları isə Bahar qızı, Kosa və Keçəldir.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Novruz Türkmənistanda da qeyd olunur. Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olub. Bu bayram iki gün yəni, martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyatyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsil episentrinə çevrilir. Burada Türkmənistanın tanınmış estrada ulduz və qruplarının iştirakı ilə konsert proqramı verilir.
Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbəy, qızları isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan-süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sumelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. Hətta xanımların iştirak etdiyi idman yarışlarını demirik. Oğlanları yarışa dəvət edən qızlar qalib gəldikləri halda onlardan istənilən arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin qıza elçi düşə bilirdilər. İndinin özündə Bibkek şəhərinin mərkəzi meydanı "Alatao" və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.
Türkiyə türkləri belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si "Novruz sultan" adlandırılır. Diyarbəkirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə qonaq edilir. Tuncəlidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadoluda novruz bayramı "mart doqquzu" kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Təkirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və "Novruz şənliyi" adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şəbinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.
Qazaxlar Novruzu Nauruz adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, "Ulus kunı (yeni lin birinci günü)", və ya "UlıstınUlı Kunı (xalqın böyük günü)". Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birlərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naorız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdrüklük, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına nauruz-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Kazaklar bir-birlərini "koktem tudı" (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiəti ilə deyişməsi-altıs başlayır. Bu səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Kazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Özbəkistanda bauram günü bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan, və ya xələt hədiyyə olunur.
Bəs İslam dininin Novruz bayramına münasibəti necədir?
Qeyd edək ki, bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır. Bununla bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb: "Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb". QMİ nümayəndəsi qeyd edib ki, İslam dininə görə Novruz bayramının qeyd edilməsinin guya haram olması barədə söylənən fikirlər də yanlışdır: "İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir. Bu gün müəyyən radikal cərəyanlar var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır. Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə döyüşməz, ona zidd ola bilməz. İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma ümumilikdə İslam dini Novruz bayramını müsbət qəbul edir. Həzrəti Peyğəmbərimiz (s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql olunur. Onlar da bu bayramı təsdiq ediblər. Onlar da bu bayramı qeyd edən insanların əleyhinə olmayıblar. Hətta bu hədislər olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri, onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq və qəbul edir. Yəni bu adət-ənənələr dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir".

Əli