Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilib Hadisə

Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilib

Dünən Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiyanın federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və Tatarıstan arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Zaripov Rusiyanın digər subyektləri kimi, Tatarıstan da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib. Rüstəm Zaripov Tatarıstan iqtisadiyyatı barədə məlumat verərək, Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu qeyd edib, bu gün keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.
Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.