“Avropa Oyunlarının Azərbaycan üçün başlıca əhəmiyyəti...” Hadisə

“Avropa Oyunlarının Azərbaycan üçün başlıca əhəmiyyəti...”

Aydın Hüseynov: "Ölkəmizdəki güclü siyasi sabitlik və iqtisadi inkişaf barədə mövcud mənzərənin dünyaya nümayiş etdirilməsidir"

Gələn ay Azərbaycan qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015" yarışmasına ev sahibliyi edəcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib. Artıq ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir.
Ümumiyyətlə, bu tədbirin Azərbaycan üçün əhəmiyyəti nədən ibarəttdir?
Yeni Azərbaycan Partiyası iqtisadi məsələlər komissiyasının
sədr müavini Aydın Hüseynov bildirib ki, Azərbaycan hazırda bütün dünyanın diqqət mərkəzindədir: "Qitədə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarının start götürməsinə az qalıb. Ölkəmizə etibar edilmiş Avropa Oyunlarının keçirilməsi tarixi bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada ilk Avropa Oyunlarının Avropa ölkələri və Azərbaycan üçün əhəmiyyətini qeyd etmək gərəkdir". Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycan üçün başlıca əhəmiyyəti ölkəmizdəki güclü siyasi sabitlik və iqtisadi inkişaf barədə mövcud mənzərənin dünyaya nümayiş etdirilməsidir: "Bu gün Avropa ölkələrinin əksəriyyəti siyasi problemlərin, sosial-iqtisadi böhranın yaratdığı təsirləri hələ də yaşamaqdadır. Azərbaycandakı möhkəm ictimai-siyasi sabitlik indikatoru, iqtisadi dayanıqlılıq faktoru bu mənada böyük məna kəsb edir və bu, Avropa regionunda ən sabit ölkə kimi respublikamızın qüdrətinin və nüfuzunun göstəricisi kimi xarakterizə oluna bilər.
Azərbaycanın dünya miqyasında geniş şəkildə təbliğ olunması üçün Avropa Oyunlarının müstəsna əhəmiyyəti var. Birinci Avropa Oyunları Azərbaycana böyük siyasi dividentlər gətirəcək. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək. Bu yarışma, sadəcə, idman tədbiri deyil, eyni zamanda burada iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, onun füsunkar gözəlliyi ilə tanış olacaq, respublikamızın inkişaf modelini görəcəklər. Birinci Avropa Oyunları həm də Azərbaycanın iqtisadi qüdrətini və siyasi mənzərəsini dünyaya nümayiş etdirmək baxımından geniş məzmunlu, qlobal proqram, iqtisadi baxımdan rentabelli və səmərəli layihədir".
Aydın Hüseynov əlavə edib ki, "Bakı –2015" ilk Avropa Oyunları Azərbaycan iqtisadiyyatının mövcud potensialı, iqtisadi resursları, milli istehsalın stimullaşdırılması, ixrac imkanlarımızın təbliği və təşviqi baxımından əla fürsətdir: "Azərbaycanda 20 gün ərzində olmaqla geniş məlumatlar əldə edən xarici vətəndaşların ölkə iqtisadiyyatının müxtəlif sahələri, xüsusilə də, sənayeləşmə və regionlarda yeni aqrar-sənaye layihələri barədə zəngin bilgiyə malik olacaqlar. Nəticədə Azərbaycan iqtisadiyyatının zəngin bazası, resursları, cəlbedici iqtisadi sahələri haqqında tam təfərrüatlı informasiyalar alan əcnəbilər ölkəmizi perspektivdə özləri üçün ən real investisiya regionu kimi müəyyənləşdirmiş olacaqlar. Beləliklə, Azərbaycan yaxın illər üçün güclü investorların maraq dairəsində ön planda yer alacaq.
2015-2018-ci illərdə də xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün marağını daha da artıracaq. Digər tərəfdən, Azərbaycanın milli ixracatçılar ordusunun mövcud imkanları ilə tanış olan xarici ölkələrin vətəndaşları kiçik biznesi qurmaq fürsəti əldə etmiş olacaqlar. Milli istehsalımızın gücü, xammal bazası, yerli ehtiyatlar, rəqabətədavamlı yerli məhsullarımız haqqında vəziyyətlə tanış olduqdan sonra onlarda müvafiq biznes təhlilləri aparmaq şansları yaranacaq. Milli sahibkarlıq təşkilatları ilə idxal-ixrac imkanlarının artırılması istiqamətində səmərəli danışıqların nəticəsi olaraq xarici biznes dairələrinin azərbaycanlı tərəfdaşları ilə əlaqə qurmaq, kiçik biznes sövdələşmələri aparmaq niyyətləri gerçəkləşəcək. Bu isə Azərbaycanın ixrac qabiliyyətinin, yeni xarici bazarlara çıxış imkanlarını artıracaq.
İxracatçılarımızın yeni bazarlara keçidi təmin olunacaq".
Onun fikrincə, I Avropa Oyunları ölkəmizin imicinin artması baxımından xüsusilə əhəmiyyətlidir: "Dünya ölkələrinin xalqlarının nümayəndələrinin bir araya gələcəyi, bütün Avropanın yaxından izləyəcəyi bu idman yarışmasına Azərbaycanın ev sahibliyi etməsi dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək, beynəlxalq aləmdə ictimai-siyasi, mədəni-humanitar nüfuzunu artıracaq. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olmasını dünyaya nümayiş etdirəcək. Avropa Oyunları Azərbaycanın xidmət sektorunun inkişafına stimul yaradacaq. Yarışların keçirildiyi müddətdə xarici turistlərin xərcləyəcəyi vəsaitlər ilk növbədə, kiçik və orta biznesin, turizm, xidmət sektorunun inkişafına öz töhfəsini verəcək. Təbii ki, ölkəmizin bu yarışlardan nə qədər qazanacağını tam müəyyən etmək mümkün deyil. Amma nəzərə alsaq ki, Azərbaycana gələnlərin sayı on minlərlə olacaq və yarışlar yay turizminə təsadüf edir və bu mövsümdə turistlər daha çox xərcləyirlər, deməli, respublikamızın əldə etdiyi gəlirlərin məbləği kifayət qədər olacaq. Əgər respublikamıza 30 min turist səfər etsə və onların hər biri gün ərzində 100 dollar xərcləsə bu, 3 milyon dollar deməkdir. 20 gündə bu vəsait 60 milyondan çox edir. Amma bu, əsas məsələ deyil, ən əsası budur ki, xarici turistlərin, əcnəbi iş adamlarının Azərbaycana gələcək sərmayələri üçün bünövrə qoyulur. Yəni, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xarici investisiyaların uzunömürlü və davamlı axını üçün yeni səhifə açılır. Bundan başqa, yarışların keçirilməsi zamanı bilet satışları, yayım və reklamdan əldə olunan gəlirlərin həcmi də kifayət qədər olacaq və bu sahələrdən dövlət büdcəsinə vergilər formasında əlavə vəsaitlər daxil olacaq. Eyni zamanda, müxtəlif idman geyim və formalarının, müxtəlif əşyaların da satışı hesabına əlavə gəlirlərin əldə olunması mümkündür".
A.Hüseynov əlavə edib ki, hazırda Avropa Oyunları ilə bağlı Azərbaycanın ticarət və xidmət sektorunun müasirləşməsi, Avropa meyarlarına uyğunlaşması istiqamətində işlər aparılmaqdadır: "Paytaxtda və yarışların keçiriləcəyi şəhərlərdə xidmət sahələrinin yeniləşməsi, Avropa standartlarına uyğunlaşdırılması isə xidmət-ticarət-iaşə strukturunun yeniləşməsinə səbəb olacaq. Azərbaycanda bank-ödəmə sektoru üçün əhəmiyyət kəsb edən yarışlar zamanı ölkəmizdə nağdsız ödəmələr, plastik kartla əməliyyatlar geniş vüsət alacaq. Bu isə ölkəmizdə nağdsız ödənişlər bazarının daha da inkişafına səbəb olacaq.
Qlobal informasiya məkanında mövqeyimiz möhkəmlənəcək
Ölkəmizin qlobal informasiya məkanında mövqeyinin möhkəmlənməsinə güclü zəmin yaranacaq. Məlum olduğu kimi, birinci Avropa Oyunlarını yüzlərlə beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib ki, bununla da oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləmək mümkün olacaq. Dünya mediasında Avropa Oyunlarının keçirilməsi barədə məlumatların yayılması, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində təbliğatının aparılması da önəmli addımdır.
Beləliklə, bu idman yarışması ölkəmizin qlobal miqyasda informasiya mübarizəsində gücünü artıracaq, sağlam tərəfdaşlarımızın sayının çoxalmasına səbəb olacaq. Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyətlidir. Yarışlara gələn turistlərin sayı kifayət qədər olacaq və Azərbaycan turizminə böyük fayda verəcək. Turistlərin xərclədiyi pulları, eləcə də yarışlara satılan biletlərdən və teleyayımlardan daxil olan vəsaitlər hesabına Azərbaycan böyük dividendlər əldə edəcək. Azərbaycanda hotelçiliyin inkişafında və hotellərin gəlirlərinin artmasında mühüm əhəmiyyət kəsb edəcək.
Oyunlar Azərbaycan regionlarının təbliği üçün əlverişli imkanlar açır. Paytaxtla yanaşı, digər iri şəhərlərin də dünyaya tanıdılması nəticəsində ölkəmizin turizm və iqtisadi potensialı dünyaya nümayiş etdiriləcək. Buradakı iqtisadi xammal, resurslar dünyanın güclü investorlarının diqqətini cəlb edəcək və onların gələcək iqtisadi, layihələrində Azərbaycan mühüm yer alacaq".

Əli