ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yaydı Hadisə

ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yaydı

"Polis zorakılığı ilə bağlı problemlərimizi gizlətməyə yox, onları həll etməyə çalışırıq"

"İrqi zəmində zorakılıqlar dünyanın müxtəlif ölkələrində baş verir və hər bir ölkə bunu etiraf edərək, sözügedən məsələnin həllinə çalışmalıdır".
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə müavini Derek Hoqanın ABŞ-da irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda "Facebook"da təşkil etdikləri yazışmada deyilir.
Yazışmada qeyd olunur ki, Birləşmiş Ştatlar irqi ayrı-seçkilik probleminin araşdırılması və etiraf olunması istiqamətində uzun yol keçib: "Amma deyə bilmərik ki, bu iş tamamlanıb. Biz bunu hökumətimizin ən yüksək səviyyəsində başa düşürük. İstərdik ki, siz ABŞ-da polis zorakılığı barədə olan məlumatların yaranmasının səbəbini nəzərdən keçirəsiniz. Bu məlumatların gündəmə gəlməsi məhz ondan ibarətdir ki, biz problemi işıqlandırmağa çalışırıq. Amerika heç bir vaxt mükəmməl olduğunu iddia etməyib. Problemlərimizi gizləməyə yox, onları həll etməyə çalışırıq".
Diplomatlar bildiriblər ki, bəzən insanları və əmlakı qorumaq üçün gücdən istifadə labüddür: "Baltimorda müstəntiqlər aşırı gücdən istifadə ehtimalının olduğu qənaətindədirlər. Etirazçılar qəzəblənəndə, kütləni qovarkən polisin gücdən istifadə etməsi düzgün idimi? Bu məqamda ABŞ Konstitusiyasına edilən Birinci Düzəlişin insanlara dinc şəkildə toplaşmaq hüququ verdiyini xatırlatmaq lazımdır. Burada "dinc" sözü vurğulanmalıdır, çünki etirazlar zorakılığa yol açarsa, hüquq-mühafizə orqanları müdaxilə etmək, insanları və əmlakı qorumalıdır. O da qeyd olunmalıdır ki, Baltimordakı zorakılıq bundan öncə şəhərdə yer alan bir neçə günlük dinc nümayişlərə də kölgə saldı. İnsanlar qəbuledilməz hesab etdikləri polis zorakılığına diqqət çəkmək üçün öz toplaşmaq azadlıqlarından istifadə edirdilər. Nümayişlər məcradan çıxmamışdan xeyli öncə hakimiyyət bu çağırışları eşidib və 6 polis əməkdaşı barədə cinayət işinin açılması ilə nəticələnən istintaq aparıb".
Səfir bildirib ki, son statistik məlumatlar onu göstərir ki, polislə təmasda olan insanların yalnız 1,4 faizinə güc tətbiq edilib: "Bu rəqəm onu göstərir ki, biz əslində az sayda olan hallar barədə danışırıq. Lakin buna baxmayaraq, gücün ifrat dərəcədə tətbiqi problem olaraq qalır. Prezidentin İşçi Qrupu bu məsələ üzərində çalışır. İşçi Qrupunun tövsiyələri hər bir problemi həll edə bilməsə də, etimadın bərqərar olunmasına və effektiv, səmimi, və ədalətli pols zabitlərinin fəaliyyətinə yardım edəcək. Sözügedən tövsiyələr həmçinin az sayda olan və vəzifələrini düzgün icra etməyən polis zabitlərinin işdən uzaqlaşdırılmasına və ya onların yeni təlim almalarına yardım edəcək. Mən razıyam ki, bu, dünyanın hər bir yerində baş verə bilər və baş verir. İstər irqi, istərsə dini və yaxud siyasi əqidədən asılı olmayaraq anlamalıyıq ki, bizim ortaq cəhətlərimiz daha çoxdur, nəinki fərqli cəhətlərimiz. Bu məqsədə nail olmağın yolu problemlər barədə danışmaq, məsələnin məğzinə varmaq üçün dialoq qurmaq və daha parlaq gələcək uğrunda birlikdə çalışa bilməyimiz üçün dəyişikliklər etməkdən keçir".