“Bu kitab deyil ki, hamı savadlı yazsın” Hadisə

“Bu kitab deyil ki, hamı savadlı yazsın”

Musa Quliyev: "Sabah hansısa məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb"

Aqil Abbas: "İnsanlar problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etməlidirlər"

Milli Məclisin iclasında "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, bu qanun Konstitusiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidir. Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququna malikdir.
"Vətəndaşların müraciətləri haqqında" qanun layihəsində pozuntu hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun tələblərini pozan şəxslər mülki, inzibati xətalar və cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Deputat Fazil Mustafa müzakirə zamanı layihədə boşluqlar olduğunu bildirib. Onun fikrincə, qanunun "Müraciətlərə baxılması haqqında" adlandırılması daha məqsədəuyğundur. Deputatın sözlərinə görə, müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil: "Çünki Azərbaycanda başqa ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxımdan məsələnin diqqətə alınması gərəkdir".
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətlərin oxunaqlı dildə yazılmasının tələb edilməsi başa düşülən deyil: "Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa, bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarır və sair. Bu onların səlahiyyətinə daxil olan məsələ deyil".
Deputat Aqil Abbas qeyd edib ki, insanlar nicatı televiziyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar: "Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir".
Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi Azərbaycan vətəndaşları üçündür: "Amma xarici vətəndaşlar da bundan yararlana bilərlər".
Müzakirədən sonra layihə ikinci oxunuşda qəbul edilib.