“Azərbaycan daha bir uğura imza atacaq” Hadisə

“Azərbaycan daha bir uğura imza atacaq”

Ayhan Dəmirçi: "Ölkəmiz Avropanın idman tarixinə adını yazacaq"

Azərbaycan yüksək səviyyədə Birinci Avropa Oyunlarına hazırlaşmaqdadır. Oyunlara sayılı günlər qaldığı bir ərəfədə bu istiqamətdə hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir. "Evrovision-2012" musiqi yarışması ərəfəsində olduğu kimi, bu dəfə də qısa müddətdə həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq işləri, yeni infrastrukturun yaradılması, yeni-yeni idman komplekslərinin tikilib istifadəyə verilməsi dünyanı heyrətləndirməkdədir. Bu gün bütün Avropa ölkəmizin Birinci Avropa Oyunlarına hazırlıq istiqamətində gördüyü işlərdən ağız dolusu danışır. Bunu dünyanın və Avropanın nüfuzlu idman federasiyaları, olimpiya komitələri rəsmilərinin açıqlamalarında aydın şəkildə görmək mümkündür. Sevindirici hal ondan ibarətdir ki, bu ərəfədə dünyanın müxtəlif ölkələrində, xüsusilə Avropa məkanında Birinci Avropa Oyunlarının geniş spektrdə təqdimatı həyata keçirilir, bu istiqamətdə uğurlu təbliğat işləri aparılır. Heç şübhəsiz ki, bu prosesdə həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birlikləri də aktiv rol oynayır. Hər bir Avropa ölkəsində olduğu kimi Belçika Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Birinci Avropa Oyunlarının təbliği prosesində fəallıq göstərirlər. Belə təşkilatlardan biri də Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.
Cəmiyyətin sədri Ayhan Dəmirçi deyir ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında çok böyük önəm daşıyır. Onun sözlərinə görə, "Evrovision-2012" musiqi yarışması Azərbaycanın beynəlxalq aləmdə tanınmasına imkan yaradığı kimi Birinci Avropa Oyunları da bu prosesin daha da sürətlənməsinə yol açacaq: "Azərbaycanaı heç tanımayanlar Evrovision musiqi yarışması ilə ölkəmizi tanıdılar. İndi də Birinci Avropa Oyunları ilə daha yaxından tanış olacaqlar. Avropalıların Azərbaycanla bağlı tərəddüdləri, beyinlərində dolaşan suallar bu vasitə ilə tamamən silinəcək və Azərbaycana olan tərəddudlər tamamilə ortadan qalxacaq. Xüsusilə, erməni lobbisinin Azərbaycana qarşı aparıdğı qarayaxma kampaniyası fəaliyyəti Birinci Avropa Oyunları nəticəsində aradan qalxmış olacaq". Ayhan Dəmirçi Birinci Avropa Oyunlarının təbliği istiqamətində Belçika Krallığında aparılan işlər barədə də danışıb. Bildirib ki, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları barədə Belçika mediası və bu ölkədə fəaliyyət göstərən Türk mediasinda müntəzəm olaraq yazılar dərc olunur: "Demək olar ki, Birinci Avropa Oyunları Belçika mediasının gündəmindədir. Biz də Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olaraq keçirdiyimiz görüşlərdə, bələdiyyələr və xalq arasındakı təmaslarımızda Birinci Avropa Oyunlarına hazırlıq istiqamətində Azərbaycanda görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumatlar veririk. Biz sözlə Belçikada Azərbaycanın tanıdılması, onun təbliği istiqamətində əlimizdən gələni əsirgəmirik. Elə bu günlərdə belçikalı, eyni zamanda Belçikada yasayan bir tələbə qrupu ilə söhbətlərimiz oldu. Onlara Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları, ona hazırlıq istiqamətində görülən işlər barədə geniş, ətraflı məlumat verdik. Cəmiyyətimiz tərəfindən onlara Azərbaycanı tanıdan broşürlər, kitablar və digər maarifləndirici xarakter daşıyan məlumatlar təqdim etdik. Onlar da öz növbəsində bundan məmnun oldular". Ayhan Dəmirçi bildirib ki, Belçika xalqı arasında Azərbaycana qarşı bir məmuniyyət və Azərbaycanı tanıma həvısi var: "Biz də Azərbaycana olan bu marağı nəzərə alaraq Azərbaycanı təbliğ etmək istiqamətində fəaliyyətlərimizi daha da artırırıq. Ümumiyyətlə, geniş xalq kütlələri arasında Azərbaycanın daha yaxından tanıdılmasına çalışırıq. Təbii ki, bu fəaliyyətləri sistemli şəkildə bütün xalq olaraq həyata keçirsək əminəm ki, uğurlu nəticələr əldə edərik. Hətta bir nəfəri belə Azərbaycan barədə məlumatlandırmaq xüsusi önəm daşıyır". Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri əmin olduğunu bildirib ki, Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə daha bir uğura imza atacaq və Avropanın idman tarixinə adını yazacaq: "Təbii ki, Azərbaycanın belə bir uğura imza atmasına sevinənlərlə yanaşı onu qısqananlar da olacaq. Necə ki, Azərbaycan hər dəfə belə bir mötəbər yarışlara ev sahibliyi etmək istəyini ortaya qoyanda erməni lobbisi və ona havadarlıq edən qüvvələr bundan narahatçılıq keçirib Azərbaycana qarşı qarayaxma kampaniyası aparıblar."

Əli