Mətbuat Şurasının sədri Abid Şərifova məktub yazdı Hadisə

Mətbuat Şurasının sədri Abid Şərifova məktub yazdı

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov baş nazirinin müavini Abid Şərifovun jurnalistlərlə son davranışına münasibət bildirib.
Baş nazirin müavininə ünvanladığı açıq məktubda Əflatun Amaşov qeyd edib ki, Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək ümumi işə fayda baxımından önəmlidir: "Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllimin kifayət qədər idarəçilik təcrübəsi var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirib. Onun münasibəti dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik".
Şura sədri eyni zamanda jurnalistikanın kifayət qədər peşəkar olmadığını, ixtisaslaşma səviyyəsinin zəifliyini, digər problemləri də sadalayıb: "Bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar ekrandan ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcə razı qaldılar, təbiidir ki, cavaba münasibət heç də birmənalı ola bilməz".
Əflatun Amaşov qeyd edib ki, dünyada vəzifəli şəxslərin jurnalistlərlə davranışı ilə bağlı bir sıra örnəklər mövcuddur: "Bunun zəruriliyi ona görə vacibdir ki, qarşılıqlı münasibətlərdəki səmimilik səmərəlilik kontekstinə daxil olsun. Çünki jurnalist-məmur münasibətləri cəmiyyətə mesajdır. İnsanlar bu münasibətlərdəki rəvanlığı görməlidirlər. Prinsip etibarilə onların problemlərinin və qayğılarının dövlətə çatdırılmasının ən effektiv yolu mediadan keçir. Dolayısıyla vətəndaş üçün mediaya inam həm də dövlətin fəaliyyətinə inanmağın yoludur. Buna görə də dövlət məmuru jurnalistə qeyri-ciddi şəkildə yanaşmır, hətta ən çətin və anlaşılmaz suallar qarşısında belə nəzakət göstərərək vəziyyətin ictimai mahiyyətini düşünür, təmkinini qoruyur".
Əflatun Amaşov Abid Şərifovun göstərilən məsələlərə həssas yanaşacağına, fikir və düşüncələri səmimi qarşılayacağına əminliyini də ifadə edib.
Qeyd edək ki, baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanmış binanın ərazisinə baş çəkərkən jurnalistlərdən birinin "tikinti işlərini hansı şirkət həyata keçirəcək" sualına cavabında bu məsələnin mediaya dəxli olmadığını, bunu onların müəyyənləşdirdiyini deyib və ardınca "yazın ki mənim şirkətimdi" deyərək əlavə edib. Onun bu davranışı media ictimaiyyətində və sosial şəbəkələrdə narazılıq yaradıb.