Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı oldu Hadisə

Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı oldu

Mayın 25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular. Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib.
Qeyd edilib ki, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin qalacağı binalarda yaradılan şəraitlə tanış olublar. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.
Oyunlar müddətində atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün inşa edilən böyük avtobus dayanacağında da hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atletlər kəndindəki yeməkxana ilə də tanış olublar. Bildirilib ki, burada idmançılara əsasən dünya mətbəxi təqdim ediləcək. Yeməkxanada eyni vaxtda 2015 atletə yüksək səviyyədə xidmət göstəriləcək.
Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Best of Azerbaijan" adlanan yeməkxana ilə tanış oldular. Burada yalnız ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Media kəndinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib.
Birinci Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Akkreditasiya mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib. Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir. Burada yaradılan şərait təsdiq edir ki, Azərbaycanda birinci Avropa Oyunlarına ən yüksək səviyyədə və bütün parametrlərə uyğun hazırlıq gedir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva jurnalistlərin qalacağı mənzillərlə də tanış oldular. Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfər qidalana biləcək.