Spikerlə deputat mübahisə etdi Hadisə

Spikerlə deputat mübahisə etdi

Oqtay Əsədov: "Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki?"

Musa Quliyev: "Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin"

Milli Məclisin dünən keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurları hədəf alan sərt çıxış edib. Modern.az saytının xəbərinə görə, o, binaların üzlənməsinə külli miqdarda vəsait xərcləndiyini vurğulayıb:
"Nəticədə yararsız materialla binalar üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır".
Deputat onu da qeyd edib ki, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edilir: "Dünən Respublika Günü qeyd edildi. Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib onun yeni büstünü qoysun".
Deputatın çıxışı spiker Oqtay Əsədovun narazılığına səbəb olub: "Siz hər dəfə Milli Məclisin iclası başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi".
Sabir Rüstəmxanlı da spikerə yerindən sərt tonda cavab verib: "Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın" .
Bu sözlər spikerlə deputat arasında gərginliyin daha da artmasına səbəb olub. "Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır".
Deputat Musa Quliyev də Sabir Rüstəmxanlıya sərt cavab verməklə mübahisəyə qoşulub.
O, plenar iclasda çıxışında bildirib: "Sabir Rüstəmxanlının burada Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Ümumiyyətlə, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir. Oradakı parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də həmin abidənin üstü təmir işləri ilə bağlı örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdu. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında olan "İstiqlal" parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gösəl istirahət edir".
Çıxışını davam etdirən Musa Quliyev deyib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və ağıllarına gələni danışırlar: "Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur".