İnternat məktəblərinin sayı azaldılacaq Hadisə

İnternat məktəblərinin sayı azaldılacaq

6 yaşı tamam olmuş xeyli sayda uşaq 1-ci sinfə qəbul olunmayıb

"Azərbaycanda internat məktəblərinin ümumtəhsil məktəbləri və peşə təhsil məktəblərinə çevrilməsi ilə sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əhatə dairəsinin artırılması nəzərdə tutulur". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Nazir bildirib ki, internat məktəblərinin ləğv olunması prosesi de-institutlaşdırma proqramı çərçivəsində həyata keçirilir: "Proses mexaniki şəkildə həyata keçirilmir və bunun məqsədi var. Məqsəd odur ki, mövcud internat təhsil müəssisələrində təhsil alan uşaqlar tədricən bioloji ailələrə verilsin. Yeni tipli münasibət formasına keçirilməklə onların ümumtəhsil məktəblərində tədrisə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri də həyata keçirilir".
M.Cabbarov bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə də bu prosesin sürəti bu və ya digər faktorlardan da asılıdır. Nazir xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi prosesinin davam etdiriləcəyini də söyləyib. Azərbaycanda yaşı 6-dan çox olan uşaqların 1-ci sinfə gec getməyinə görə inzibati tədbirlərə əl atmaqdansa, insanların "şüur"unun üzərində çalışmaq lazımdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Nazir bildirib ki, son tədris ilində həqiqətən 6 yaşı tamam olmuş xeyli sayda uşaq 1-ci sinfə qəbul olunmayıb. Yaşı 6-dan çox olan uşaqların təhsilə cəlbinin yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olduğuna da əminliyini bildirən M.Cabbarovun sözlərinə görə, orta təhsillə bağlı nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir: "Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq, burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur. Onlarda inzibati cəzalar da olur. Bəzi ölkələrdə isə bu Cinayət Məcəlləsinin müvafiq maddəsinin pozuntusu kimi hesab edilir".
Nazir hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil. M.Cabbarovun fikrincə, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa, insanların "şüur"unun üzərində çalışmaq lazımdır: "Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun konstutisiyon hüququ olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı".
Hazırda 1-ci siniflərə qəbul prosesinin davam etdiyini deyən nazirin sözlərinə görə, Azərbaycanda çox müsbət demoqrafik artım müşahidə olunduğu üçün yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir. M.Cabbarov deyib ki, Təhsil Nazirliyinin orta müddətli proqnozlarına görə, növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq: "Bu da təbii olaraq, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir".