“Sevginin qulu deyiləm” Mədəniyyət

“Sevginin qulu deyiləm”

Mehriban Zəki: "Hər bir hisslə, hər bir ovqatla, elə sevginin özüylə də dost münasibətində qalmaq yaxşıdır"

Əməkdar artist Mehriban Zəkinin müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik…

- Mehriban xanım, jurnalistlər üçün əlçatmaz müsahib sayılırsınız. Niyə efirdən-mediadan bu qədər uzaqdasınız?
- Mənim aləmimdə sənət adamı hansısa bir işi ilə gündəmə gəlməlidir, daha çox sənətlə məşğul olmalıdır. Düzdür, indiki zamanda kriteriyalar fərqlidir, dövrün ritmi, ab-havası başqa şey deyir. Amma mən və mənim kimi sənət adamları var ki, bu ab-havaya uyğunlaşmırlar. Heç uyğunlaşmaq fikrimiz də yoxdur. Əslində, bu, içdən gəlməlidir. Bir də yəqin ona görə ki, mən yeni kriteriyalar üçün artıq qocalmışam. Mənasız olanlara yeni məna verib ortaya çıxarmağı heç sevmirəm. Bəzən məni də dilə tutub müsahibə alırlar, amma sonradan o müsahibəni oxuyanda qanım qaralır. Sözlərimi kontekstdən çıxarıb təqdim edirlər. Sonra da özümü danlayıram ki, bu yazığı niyə günahlandırırsan, gərək müsahibə verməyəydin.
- "Qızım sənə deyirəm, gəlinim sən eşit…" Sözü mənə atırsınız yəqin?
- Yox, yox, qələminizə bələdəm və düşünürəm ki, belə bir problemlə qarşılaşmayacağam.
- Sizcə, qəliz, mürəkkəb insansınız?
- Məncə, yox.
- Amma nədənsə, kənardan belə təəssürat yaradırsınız?
- Özünüz deyirsiz ki, kənardan.
- Üç sözlə özünüzü necə xarakterizə edərdiniz?
- Qoy özümü xarakterizə etməyim, insanlar mənim barəmdə hansı fikirdədirlərsə, elə o fikirdə də qalsınlar. Gəlin bütün sirləri açmayaq.
- Ruhunuzu incitdiyiniz məqamlar olur?
- Çox dərin sualdır, indi o qata enmək lazımdır ki, görüm ruhumu incitmişəm, ya yox. Yəqin ki, olub.
- Amma adama elə gəlir ki, Mehriban Zəki heç vaxt ruhuna xəyanət etməz. Demək ki, edibmiş.
- Xəyanət başqa şeydir, incitmək başqa, ruhumu incitdiyim olsa da, xəyanət etməmişəm.
- Bilərəkdən, yoxsa qəsdən?
- Çox vaxt bilmədən, məişətin diktəsinə, reallığın ritminə görə olub.
- Sizcə, buna dəyərdimi?
- Yox dəyməz. Hətta həmin an ruhuma baş əymişəm.
- Ən çox sevdiyiniz və tez-tez işlətdiyiniz söz, ya kəlmə hansıdır?
- Heç fikir verməmişəm. Daha çox durumumla bağlı olduğundan "bilmirəm" sözünü tez-tez işlədirəm.
- Bilmək istədiyiniz, amma bilmədiyiniz çoxmu məqamlar olur?
- Əlbəttə, insanı yer üzündə yaşadan bilmək istəyi və maraqdır. Maraq ölürsə, maraq yox olursa, yaşamaq istəyi də yox olub gedir. İnsanı maraq hissi yaşadır, xüsusilə də sənətkarı.
- Türklərin gözəl bir sözü var - aşq qadını. Sevgi dolu qadınsınız. Maraqlıdır, romantik xanımsınız?
- Yox, qətiyyən.
- Sevgiyə qul olmağa dəyər?
- Nəinki sevginin, heç nəyin qulu olmağa dəyməz. Hər bir hisslə, hər bir ovqatla, elə sevginin özüylə də dost münasibətində qalmaq yaxşıdır. Mən də sevginin qulu deyiləm, onunla dostam və belə ünsiyyətin daha yaxşı olduğuna inanıram.
- Leksikonunuzda "bağışlamaq" kəlməsi varmı?
- Mən sizi bağışlayıram.
- Bəs nəyi bağışlamazdınız?
- Mən nə karəyəm ki, bağışlayım, ya da bağışlamayım...
- Göz yaşı ovcunda olan xanımlardansınız?
- Bəli.
Göz yaşları süzüldükcə adamın quru üzünə,
İçimizdə batan dərdlər bir-bir çıxar su üzünə.
- Sonuncu dəfə nə vaxt hönkürüb ağlamısınız və sirr deyilsə, səbəbi nə olub?
- Bu günlərdə Suriyadakı müharibədən qacan körpənin ölümünə ağlamışam. Uşaqların ölməyinə dözə bilmirəm.
- Sizi ovundurmaq asandır?
- Həyat bizi elə ovudur ki...
- Kompleksləriniz varmı?
- Bütün komplekslərimizi sosium yaradır.
- Hansı xasiyyətinizi silib atmaq istərdiniz?
- Hec birini. Hamısı mənimdir. Pisi də, yaxşısı da.

Cəvahir Səlimqızı