Gələn dərdin Məmməd İlqara gəlsin … Mədəniyyət

Gələn dərdin Məmməd İlqara gəlsin …

Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məhşur qəzet və jurnallarında ("Azərbaycan", "Gənclik", "Ulduz", "Ədəbiyyat") çap olunmaga başlayır. 1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. 2000- ci ildə "Biz ölməyə doguluruq", 2002-ci ildə "Quzey qönçəsi" şeirlər kitabı oxucuların ixtiyarına verilir. 2010-cu ildə isə Birinci Qarabağ Savaşı dövründə Qazağın Aşağı Əskipara kəndində erməni quldurlarına əsir düşməmək üçün özünü əl mərmisiylə məhv etmiş döyüşkən əsgər, Azərbaycan Bayrağı Ordenli şəhid Qaratel Hacımahmudovaya həsr olunmuş "Qaratel" poeması işıq üzü görüb.
Yaradıcılığa gənc yaşlarından başlayan Məmməd İlqar deyəndə öncə nədənsə aşıq şeiri yada düşür, sonra təcnis yada düşür nəhayət yaddaşlara həkk olunan:

"İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən nə gözəl çəkir.
Üz-üzə, göz gözə sehirlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir-
-misraları yada düşür. L.N.Tolstoy nahaq yerə deməyib ki, şeir Allahların dilidir. O, adi dil deyil, poetik rəng almış sözlərin yüksək ifadə formasıdır. Rus alimi Vereşşagin isə belə hesab edir ki, "Şeir qənaət olunmuş və ifrat dərəcədə sıxılmış nitqdir... Şairlik işini ancaq mahir zərgər əməyi ilə müqaisə etmək olar. Axı söz də qızıl kimidir"... Bu deyilənlər eynilə Məmməd İlqar yaradıcılığına şamil edilə bilər. Məmməd İlqara şairlik haqdan verilmiş Tanrı mükafatıdır, ilahi vergidir.
Dəyərli şair Məmməd Aslan yazır ki, təcnis hər söz sənətkarının girişə bilmədiyi, daha doğrusu, girişməyə cürət etmədiyi çətin şeir növüdür. Doğrudur, hər şairin, yazarın, aşıq şeir şəkillərindən istifadə edənlərin yaradıcılığında barmaqla sayılacaq qədər təcnis görürük. Ancaq bu çətin şeir şəkilindən Məmməd İlqar çox məharətlə istifadə edərək öz möhürünü vurub:
Tapşır gözlərinə ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin-
Neynər dərdli kəsə dərd innən belə?!

Böyük Şəhriyar nahaq deməyib: "Şair ola bilməzsən, anan doğmasa şair." Məmməd İlqar da şair doğulub, onu anası şair doğub, Tanrı onu şair olmaq üçün yaradıb, dilinə söz, əlinə qələm, beyninə hikmət verib. Bundan böyük Tanrı mükafatı varmı? Bundan böyük tanrı sevgisi varmı? Ən böyük sərvət, ən böyük dövlətdi bu nemət. A.V.Lunaçarski şairin kimliyini, onun sənət və məharətini dəyərləndirərək yazırdı ki: "Şair hər şeydən əvvəl, müstəsna dərəcədə həssas, böyük daxili məzmuna, geniş dünya görüşə malik insandır, öz mədəni səviyyəsi və təbiətinin istedadlılığı etibarilə yüksələn, buna görə də dilin bütün məharət və şairanəlik qüdrətindən istifadə edərək öz hissləri ilə ətrafındakılara təsir etməyə çalışan insandır". Bu fikirləri bilavasitə təcnis ustadı Məmməd İlqara aid etmək olar.
Məmməd İlqar yaradıcılığının məhsulları içərisində qoşma, gəraylı, divani, müxəmməs şeir şəkilləri, hətta qəzəl şeir növü də yer alıb. Ustad aşıq Avdı Qaymaxlı, nakam ömrün yol yoldaşı aşıq Cəlal Qəhrəmanov, dostlara vaxtsız əlvida söyləyən Ağamalı Sadiq Əfəndi də Məmməd İlqar qələminin boyalarına süzülüb ağ kağıza misralarla həkk olunub.

Anam Qazax, adın düşsə dilimdən,
Məmməd İlqar qurtulmasın zülümdən!!
Zülüm dərdlər, zülüm çəkir əlimdən-
Canımda var, sən verdiyin dözüm ki!

- deyən şairin Ana Vətən-Vətən ana, doğulduğu torpaq şeirlərinin əsas qayəsi olub.

İncənimi soruşursan əfəndim,
Dünyanın bir bucağında bir eldi.
Halal yığar, haramılar daşıyar,
Haram bişməz ocağında bir eldi...

Ana obrazı Azərbaycan yazarının hər birinin şah obrazı olduğu kimi Məmməd İlqar yaradıcılığının da əvvəli və sonudur.
Adına urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi...
"Ölürəm" deyəndə qulaq asmadım, –
Yerinə ölməyə hazıram indi...

Özünəməxsus üslubu ilə seçilən şairin dili laylalı, bayatılı, xeyir dualıdır. Dağlara vəsf etdiyi şeirlərin öz gözəlliyi, öz dəyəri var.
Yönü Vətən sarı, qərib bir qoca,
Bayatı çagırır:-Eləmi daglar...
Necə göynəməsin, gizildəməsin?
Çəkilib köksünə eləmi daglar...

Bu şeirdə Məmməd İlqar Vətən həsrətlilərin dilindən haray qoparır. Yurdu yuvası darma dağın olanların, ev-eşikləri topun tüfəngin altında qalanların dilindən söylənilmiş ağıdır sanki. Diğər bir şeirində isə dağlara olan etimad, inam hissi özünü göstərir.
Köhnə dostdu!-
Təzə kədər.
Ömür nədi?-
Qəza-qədər,
Bir də gələn yaza qədər
Dağlar, Məmməd amanatı!

Buludlar boşalar gedər,
Həvəsi baş alar gedər,
Dumana qoşular gedər,
Dağlar, Məmməd amanatı!

Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır. Sazın pərdələrində dillənən nəğmədir onun şeirləri. O üzdəndir ki, aşıqlar Məmməd İlqar yaradıcılığına tez-tez üz tuturlar.Şeirlərində gözlərinin nəmini, qəlbinin kövrəkliyini, ürək döyüntülərini, sazlı-sözlü diyardan olduğunu aydın görmək olur. Öz-özünü tənbeh edən, etibardan söz açan, vəfadan danışan dönük olmağı dostluğa yaraşdırmayan şair belə deyir:

...Keçdim günahından dönük dostların,
Keçin günahımdan vəfalı dostlar...

Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. (Atası Mədət müəllim uzun illər Aslanbəyli kənd orta məktəbdə dil-ədəbiyyat müəllimi, bir dönəm məktəbin direktoru vəzifəsində çalışıb). 1967-ci ildə orta məktəbi bitirib Politexnik (indiki Texniki Universtitet) İnstitutuna daxil olub və 1972-ci ildə bir sira səbəblərdən təhsilini yarimçıq qoyub hərbi xidmətə gedib. 1974-cü ildə hərbi xidmətdən qayıdaraq elə həmin il Xalq Təsərrüfati (indiki İqtisad Universtiteti) İnstitutuna daxil olub. 1979-cu ildə institutu bitirərək ixtisasi üzrə bir çox sahələrdə çalişıb. 2003-2014-cü illərdə Azərbaycan Respublikasi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Ömrünün qızıl payızını yaşayan, özü demişkən, urvatdı kişilərin, kepqası əyri kişilərin sırasından gələn, elinin fəxrli övladı, şair balası, anasının laylasını yenidən duymaq istəyib, nəfəsini qoxlamaq istəyən Məmməd İlqarın yaradıcılığı tədqiqatçıların diqqətini çəkəcək dərəcədə diqqətə layiq bir yaradıcılıqdır.

İlhamə Cəlal (Qəsəbova)
filologiya üzrə fəlsəfə doktoru