2016-cı ildə Azərbaycan və dünya mədəniyyətinin itirdiyi məşhurlar Mədəniyyət

2016-cı ildə Azərbaycan və dünya mədəniyyətinin itirdiyi məşhurlar

2016-cı ildə Azərbaycan və dünya ədəbi-mədəni həyatında qazanılan uğurlarla yanaşı, itirilən dəyərli imzalar da az olmayıb. Yola salmağa hazırlaşdığımız 2016-cı ilin sonuna sayılı günlər qalıb. Bu il Azərbaycan və dünya mədəniyyətindən kimləri aldı? İtirdiklərimizi xatırlayırıq...
9 Yanvar. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.
Zəlimxan Yaqub I Fəxri xiyabanda dəfn olunub.
Yanvarın 29-da xalq artisti Musa Mirzəyev vəfat edib. 82 yaşlı bəstəkar mikroinsult diaqnozu ilə müalicə olunurdu.
O, kamera orkestri üçün "Polifonik simfoniya", skripka və piano üçün "Romantik poema", piano üçün "Qəmli melodiya" və başqa əsərlərin müəllifidir. Bəstəkar "Şöhrət" ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.
Fevralın 15-də tənqidçi və publisist Gülrux Əlibəyli vəfat edib. O, "Axtarışlar, tapıntılar", "Daim yolda", "Düşünən dünyamız", "Çırpınan dünyamız", "Dəyiş dünyamız", "Dağılan dünyamız" kimi kitabların müəllifidir.
25 fevral. Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Martın 7-də aktyor-rejissor Arif Qasımov dünyasını dəyişib. Arif Qasımov 1950-ci ildə anadan olub. Azərbaycan Dövlət Televiziyasının "Uşaq və gənclər" redaksiyasında çalışıb. O, "Milli bomba", "İstanbul reysi", "Yerlə göy arasında" və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.
Martın 8-də rejissor Fikrət Əliyev vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissorluğa "Baladadaşın ilk məhəbbəti" filmi ilə başlayan Fikrət Əliyev "Qızıl uçurum", "Yuxu", "Axırıncı dayanacaq" kimi filmlər çəkib.
Martın 22-də xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra 81 yaşında vəfat edib. Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Milli Məclisin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri olub. "Şöhrət" (1995) və "İstiqlal" (2005) ordenləri ilə təltif edilib. "Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb.
Mayın 4-də xalq şairi Söhrab Tahir vəfat edib. Söhrab Tahir 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq Mayakovski ordeni ilə təltif edilib.
Sentyabrın 19-da rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, aktrisa Nahidə Orucovanın Bakıdakı restoranlardan birində keçirilən 55 illik yubiley tədbiri zamanı ürək tutmasından vəfat edib. Ələkbər Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi idi. Rejissor Rauf Kazımovskinin oğludur.
Noyabrın 16-da şair Fikrət Sadıq vəfat edib. Şair 86 yaşında dünyasını dəyişib.
Sadıqov Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fərdi təqaüdçüsü idi.
19 noyabr. Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib. 80 yaşlı Nəriman Əzimov uzun sürən xəstəlikdən sonra ürək çatışmazlığından Bakıda dünyasını dəyişib. Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.
11 dekabr. Əməkdar rəssam İsmayıl Məmmədov dünyasını dəyişib. İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub. İsmayıl Məmmədova 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.
Bu il dünyasını dəyişənlər arasında əcnəbi məşhurlar da var.
20 fevral. İtaliyanın dünya şöhrətli yazıçı-mütəfəkkiri və filosofu Umberto Eko 84 yaşında vəfat edib. Umberto Eko "Qızılgülün adı" (1980), "Fukonun kəfkiri" (1988), "Bir gün əvvəlki ada" (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı "Sıfır sayı" 2015-ci ildə işıq üzü görüb. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. O, fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.
Martın 31-də məşhur qadın memar Zaha Hadid 65 yaşında Mayamidə vəfat edib. İraq əsilli Zaha Hadid bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişib. Xanım memar dünyaca məşhur bir sıra kompleksin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı olub.
5 iyul. Məşhur İran rejissoru Abbas Kiarostami dünyasını dəyişib. 76 yaşlı rejissor Parisdə vəfat edib. Kirostami 1997-ci ildə "Albalı dadı" filminə görə Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülüb. Onun "Albalı dadı", "Dostumun evi haradadır", "Zeytun ağacları altında" və s filmləri İran kino tarixinin ən yaxşı filmləri hesab olunur.
16 sentyabr. Türk kinosunun əfsanəvi aktyoru Tarık Akan vəfat edib. Aktyor İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 66 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi. Tahsin Akan "Qızıl Portağal" Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur. Aktyor "Hababam sinifi", "Səninlə son dəfə", "Yol", "Acı dünya", "Bizim ailə" və s filmlərdə müxtəlif dərəcəli rollar yaradıb.
3 noyabr. Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.
Oleq Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib. Qeyri-rəsmi məlumatlara əsasən, onun qəflətən ürəyi dayanıb. Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi. 2015-ci ilin iyununda 24 ildən sonra ilk dəfə Rusiyaya səfər etmişdi və Rostov şəhərində vəfat edib.