Cövdət Hacıyev və Tofiq Quliyevə həsr olunmuş konsertlər keçiriləcək Mədəniyyət

Cövdət Hacıyev və Tofiq Quliyevə həsr olunmuş konsertlər keçiriləcək

Cövdət Hacıyev və Tofiq Quliyevin 100 illik yubileylərinə həsr olunmuş konsertlər keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.
2017-ci il ölkəmizin musiqi mədəniyyəti tarixində əlamətdar hadisələrlə bağlıdır. Bu il Azərbaycan musiqi incəsənətinin iki görkəmli nümayəndəsinin - tanınmış bəstəkar, musiqi-ictimai xadim və pedaqoq, respublikanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, iri simfonik əsərlərin yaradıcısı Cövdət Hacıyevin və gözəl bəstəkar, musiqi-ictimai xadim, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, unudulmaz mahnıların və kino musiqisinin müəllifi Tofiq Quliyevin anadan olmasının 100 ili tamam olur.
Bu görkəmli bəstəkarlar öz gözəl musiqiləri ilə daima dinləyiciləri sevindirmişlər və bu gün də onların rəğbətini qazanmaqda davam edirlər. Lakin bu bəstəkarların tarixi əhəmiyyəti yalnız bundan ibarət deyil. Onlar öz rəhbərlik və təşkilatçılıq fəaliyyətləri ilə respublikanın musiqi mədəniyyətinin təşəkkülü və inkişafında əvəzedilməz rol oynayıblar. C.Hacıyev uzun illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq kafedrasına rəhbərlik edib, habelə 10 ildən artıq konservatoriyanın rektoru olub.
T.Quliyevin adı isə bilavasitə Azərbaycan Bəstəkarlar İttifaqı ilə bağlıdır. O, uzun illər bu təşkilata rəhbərlik edib və həyatının son 10 ilində Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışıb. Hər iki bəstəkar ölkəmizin musiqi mədəniyyətinin çiçəklənməsi, maarifçilik və təhsilin inkişaf etdirilməsi, musiqi nailiyyətlərimizin təbliğ edilməsi və gənc nəslin yetişdirilməsi naminə əzmlə çalışıblar.
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Zalında bu görkəmli bəstəkarların 100 illik yubileylərinə həsr olunmuş kamera-instrumental və vokal əsərlərdən ibarət konsertlər keçiriləcək. Onların yaradıcılığının və musiqi-ictimai fəaliyyətinin müasir nöqteyi-nəzərdən araşdırılması məqsədilə keçiriləcək simpozium və konfranslarda iştirak etmək üçün respublikanın aparıcı musiqişünaslarından ibarət böyük nümayəndə heyəti cəlb olunacaq.
Bununla yanaşı, dahi bəstəkar və pedaqoq Qara Qarayevin 2018-ci ildə qeyd olunacaq 100 illik yubileyi ərəfəsində Bəstəkarlar İttifaqı konsertlər və elmi konfranslar keçirməyi nəzərdə tutur. Məlum olduğu kimi, artıq son illərdə Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Zalında müntəzəm olaraq "Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında" layihəsi üzrə silsilə konsertlər keçirilir. Bu il ərzində keçiriləcək həmin silsilə konsertlərin proqramları yubilyar-bəstəkarların yaradıcılığına əsaslanacaq. Artıq hazır olan musiqişünaslıq işləri musiqi ictimaiyyətinə təqdim olunacaq, həmçinin Q.Qarayevin yaradıcılığına həsr olunmuş yeni musiqi-nəzəri işlərin yaradılması təşəbbüsü irəli sürüləcək.