Dünyanın gələcəyi mədəniyyətlərin dialoqundadır Mədəniyyət

Dünyanın gələcəyi mədəniyyətlərin dialoqundadır

Musa Qasımlı: "Müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır"

Vasif Əfəndiyev: "Forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir"

Nizami Cəfərov: "Forum beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə müsbət təsir göstərəcək"

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Foruma nüfuzluq qonaqlar, tanınmış siyasətçilər, elm adamlarının qatılıması tədbirin əhəmiyyətini daha da artırır. Bundan başqa bu faktorlar dünya mediasının diqqətini cəlb edir ki, bu da çox önəmli faktordur.
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı deyib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsləri var.
Onun sözlərinə görə, bu Forumu keçirməklə Azərbaycan göstərir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır: "Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən güc olduğunu təsdiq edir, digərlərinə nümunə olaraq yol göstərir. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi".
Politoloq Vasif Əfəndiyev deyib ki, bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür. Onun sözlərinə görə, dialoq çərçivəsində müzakirə olunan məsələlərin mövzusu ölkəmiz üçün Avropa və sivil dünya ailəsinə qoşulmasına yönəlmiş bir istiqamətdir: "BMT – nin Sivilizsaiyalar Alyansı, Ümumdünya Turizm təşkilatı və Ərzaq və Kənd Təsərrüaftı təşkilatlarının təcrübəsinə yiyələnmək, eləcə də turizmin inkişafının və ərzaq təhlükəsizliyi təminatının yaradılması gələcək inkişafımızın qarantıdır. Forumda Avropa Şurası ilə parlamentlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası münasibətlərin mohkəmələndirilməsi dialoqu xüsusi önəm daşıyır. Həmçinin dialoq çərçivəsində zorakı ekstremizmə qarşı mübarizə, regionda sülhün yaranması, mədəniyyətlərarası münasibətlərin qurulmasının təşviqi və dinlərarası bərabərliyin qorunması məsələləri müzakirə ediləcək. Bu forumun Bakıda keçirilməsinin təşkilini indiyə qədər keçirilən nüfuzlu beynəlxalq tədbirlərin davamı kimi qiymətləndirirəm. Bu forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir".
Deputatı, akademik Nizami Cəfərov deyib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya üçün aktual olan önəmli məsələlərin müzakirəsi üçün çox mühüm tədbirdir. O, bildirib ki, IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafının təmin edilməsinə töhfələr verəcək. Onun sözlərinə görə, forum həmçinin, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə də müsbət təsir göstərəcək: "Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq. Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlərin də müzakirə olunur. Bütövlükdə, Azərbaycan dünyada sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir".