Türk xalqlarının inanc yaddaşı – xalçaçılıq Mədəniyyət

Türk xalqlarının inanc yaddaşı – xalçaçılıq

Dekorativ incəsənətin əsasları qədim dövrlərdən bəri formalaşmağa başlayaraq müxtəlif mərhələləri keçib. Sadədən mürəkkəbə doğru stilizə edilmiş dekorativ formaların incəsənətdə öz əksini tapması, zaman və məkan daxilində insan təfəkkürünün təbiətlə qarşılıqlı münasibətlərindən doğan amillərlə bağlıdır. Dekorativ incəsənətdə xətt anlayışının tam şəkildə dərk olunması mümkün deyil. Amma onun əsas mahiyyəti özül olması ilə əsaslanır. Bu baxımdan şaquli düz və qırıq xətlərin rəmzi xüsusiyyətləri maraq doğuran məsələ kimi meydana çıxır. Hələ ən qədim dövrlərin qayaüstü, daş və sümük, dulusçuluq, toxuculuq və digər dekorativ sənət nümunələri üzərində həkk olunmuş şaquli düz və qırıq xətli təsvirlərin olması bu timsalda özünəməxsus yer tutur. Adi şaquli düz və qırıq xətlərlə təsvirlənmiş və diqqət göstərmədiyimiz qədim daş oymalar, keramik qablar, xalı – xalça və digər dekorativ sənət nümunələrinin daşı¬dığı simvolik mənaların öyrənilməsi həm də onların nə üçün düzəldiyini, eyni zamanda gərəkliyini aşkar etməkdə müstəsna əhəmiyyət kəsb edir.
Arxeoloji qazıntılar zamanı əldə olunmuş üzərində dekorativ vasitə kimi cızma bəzək üslublu gil və keramik qablar Azərbaycan türklərinin məişətində xüsusilə geniş yayılmışdı. Əsasən qabların boğaz və çiyin hissələrində şaquli düz və qırıq xətlərin cızılaraq naxışlanması elə "yağış" kultuna inamın təcəssümü idi. Tək, paralel şaquli zolaqlar və yaxud daraq dişləri kimi bir-birinə yaxın qırıq şaquli xətlərin cızma bəzəyi olması insanı bir az fərqli düşünməyə vadar edir. Bəzi qab nümunələrində cızma bəzəyi ritmik surətdə təkrarlanan şaquli istiqamətli batıqlarla da əvəz olunurdu.
Şaquli düz xəttin "dirək" simvolu qismində keramik qablarda təsvir olunması çox maraqlı təsəvvür yaradır. Məsələn, Azərbaycanın Dərəzəmin ərazisindən tapılmış eradan əvvəl VII-VI əsrlərə aid olan dolçanın gövdə hissəsində cızma üsulu ilə təsvir edilmiş şaquli düz xətlərin sıralı şəkildə düzümü "dirək" kultunun ən yaxşı nümunələrindən hesab oluna bilər. Bu qabda əsasən su və yağış kultunu ifadə edən cizgilərdən fərqli olaraq, "dirək" kultunun elementi, qabın aşağı yəni gövdə hissəsində təsvir edilməklə tanınır. Çünki çox vaxt "yağış" işarəsindən fərqli olaraq qabların boğaz hissəsində suyu təmsil edən üfüqi düz və ya qırıq xətlər təsvir olunurdu. Bu da ayin və mərasimlərin tələbindən irəli gəlirdi. Qədimdən bəri türkdilli xalqların xalça sənətində özünəməxsus ənənələr var. Əsrlərdən əsrlərə ötürülən bəlgələrin, rəmzlərin xalçalarda ornamental və ya işarə kimi yer alması sistemli şəkildə inkişaf edib və kodlaşdırılıb. Bəzən çox sadə quruluşa malik olan xovlu, yaxud, xovsuz xalçaların daşıdığı rəmzi mahiyyətləri dərk etmədən ötüb keçirik. Ancaq hər bir naxışın hətta texnoloji üsulun belə düşüncə əsasında yaranmasına şübhə etmək olmaz. Bu xüsusda xovsuz xalçalardan "palaz" və "cecim" adlanan toxuculuq nümunələrinin toxunuş üsuluna diqqət yetirilməsi kifayət edir.
Cecim və palazın oxşarlığı onların zolaqlarının olması ilə bağlıdır. Lakin cecimin zolaqları üfüqi deyil, şaquli düz xətt şəklində toxunur. Burada sanki palazın üfüqi düz xətli, cecimin isə şaquli düz xətli olması bir-birini tamamlayır. Və onları fərqləndirən əsas cəhət texnoloji xüsusiyyətləridir ki, bu da onların qarışdırılmasına təsir etməz. Çünki hər bir məmulatın özünə görə funksiyası və təyinatı var. Bu sırada Cecimin bədii quruluşunu təşkil edən elementlər onun "dirək", "Qaba ağac", "su", "yağış", "Yada daşı" və "ilan" simgələri ilə əlaqəli olması bu fikirləri söyləməyə imkan yaradır. Azərbaycan türklərinin məişətində cecim çox əhəmiyyətli həm də ritual xarakterli toxuculuq məmulatı hesab olunub. Cecimin sadə zolaqları şaquli şəkildə toxunduğuna görə onun yerdən göyə yönəlməsi insan təfəkküründə yuxarıya doğru hərəkəti ifadə etməklə "dirək", "yol" anlayışını formalaşdırır.
Xovsuz toxuculuq sənətində cecimlərin zəngin ənənə əsasında yaradılan kompozisiyaları, şaquli düz və qırıq xətt simvollarının timsalında Oğuz-türk təfəkkürünün sirli dünyasından qalan irs tək, dekorativ incəsənətin dürlü nümunəsi kimi əcdadlarımızın mirasıdır. Və şaquli düz və qırıq xətt anlayışının qavranılmasında cecim əvəzsiz dekorativ sənət nümunəsidir.
Dekorativ incəsənətdə məhdud həndəsi şaquli düz və qırıq xətt anlayışı müxtəlif ölçülərdə əksər xalçaların kompozisiya quruluşlarında əsas, köməkçi və doldurucu elementlər kimi iştirak edir. Demək olar, xalça kompozisiyalarına məxsus bütün haşiyələrin, şaquli düz xətt boyunca tərtib olunmuş hissəsində "tək su", "içli su", "qoşa su", "köhnə su", "enli su", "kəsmə su", "çox zolaqlı", "siçan dişi" (qırıq xətli), "alamuncuq" (qırıq xətli) və digər adlarla adlandırılmış elementlər "dirək", "göy suyu" (şəlalə), "yada daşı" (yağış), göz və nəzərdən qoruyan "şüvül", "sütun" timsalında semantik məna daşıyıcılarıdır.
Digər xalçaların haşıyəsindən asılı olmayaraq, bəzi xalça kompozisiyalarının ara sahə hissəsində şaquli düz və qırıq xətt simvollarını ifadə etdirən elementlərin iştirakı bir çox mətləblərdən xəbər verir. Əsasən ritual tipli "Ağaclı", "Sütunlu", "Namazlıq", "Məkkə-Mədinə" və başqa Sufi mənşəli xalçalar da "Qaba ağac" və "sütun" elementi simasında əksər xalça kompozisiyalarının quruluşunda yer almış və simvol xarakterli əsas elementə çevrilib. Burada "sütun" anlayışı türkdilli xalqların təfəkküründə "Qaba ağac" (dirək) məfhumundan qaynaqlanmış mifik obrazdır. Bu simvol dünyanın müqəddəs oxu, ilahi güc, həyat və kosmik enerji, saxlayıcı, qoruyucu, həmçinin, etibarlılıq rəmzi kimi məşhurdur. Güclü və cəsarətli Oğuz qəhrəmanlarının çox vaxt "Qaba ağac" la əlaqələndirilməsi heç də təsadüfdən deyildir. Bəzən Oğuz Alplarının aşıb-daşan gücünün, "ağaca" bağlanması ilə daha da artması, hətta həmin ağacın kökündən çıxarılmasına səbəb olub və həmin Alpların özünün "Qaba ağaca" çevrilməsi obrazını, "Kitabi-Dədə Qorqud"dakı Qaraca çoban obrazından görmək mümkündür. Məhz buna görə əfsanəvi Oğuz Alplarına evin, elin, yurdun dirəyi deyilmiş və obrazlaşıb.
Qədimdən bəri ağac dirəklərin sonrakı mərhələlərdə daşdan yonulmuş sütüna çevrilməsi, insanların məfkurəsində daha geniş rəmzi mahiyyətləri özünə cəzb edərək, meydana çıxdı. "Sütun" memarlıq simvolu kimi həm də dekorativ incəsənətin bütün sahələrində bu və ya digər şəkillərdə obrazlaşmaqla zəngin, simvollar təbəqəsi yaratdı. Hətta "sütun"lar say və qrup halında belə müxtəlif mənaları ifadə etmək xüsusiyyətlərinə malik oldular. Xalça sənətində çox nadir hallarda bəzi xalçaların kompozisiya quruluşunda, "sütun" elementinin heç bir elementə qoşulmadan təsvir edilməsinə rast gəlmək mümkündür. Bu tipli xalçalara yalnız sujetli və memarlıq səhnələrindən ibarət olan kompozisiyalarda təsadüf olunur. Amma tağlı xalça kompozisiyaların quruluşunda isə paralel şəkildə tərtib edilmiş sağ və sol sütun vasitəsi ilə birləşərək, "Qaba ağac" anlayışından yayınmaqla mənasını dəyişir. Türk-Oğuz mədəniyyətində isə "Qaba ağac" başsız və ayaqsız dirək simgəsinin timsalında öz əksini tapır:

Başına doğru baxar olsam, başsız ağac,
Dibinə doğru baxar olsam, dibsiz ağac.

Bu baxımdan türkdill xalqların xalçalarında sütunlu xalça kompozisiyaları quruluşuna görə mənasını və ifadə üsulunu dəyişir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, "Qaba ağac" obrazlı xalça kompozisiyaları vaxtı ilə ayin və mərasimlərdə istifadə edilirdi. Lakin orta əsrlərdən bəri "ağaclı" adlı xalça kompozisiyalarının daha da təkmilləşməsi və "Qaba ağac" obrazına müxtəlif elementlərin əlavə edilməsi həm də ilkin məna daşıyıcılığının dəyişməsinə səbəb oldu. Sütun elementi çox vaxt qapalı mühitin "Qaba ağac" isə sonsuz mühitin elementi kimi çıxış etmək xüsusiyyətləri ilə seçilir. Bu da şaquli düz xətt məfhumunun "Qaba ağac" simasında daşıdığı mənaların oxşar əlamətləri ilə bağlılıqdır. Və belə əlamətlərin izlərini dastan və xalq folklorunda da görmək mümkündür.
Xovlu xalçalar sırasında "Məkkə-Mədinə" adlı Azərbaycanın Şirvan xalçasında məhdud şaquli düz xətlərdən məharətlə istifadə edən sənətkar, "sütun" (dirək) elementinin məna yükünü dərk edərək bu xalçanın kompozisiya quruluşunu göstərmək istəyib. Sütün (dirək) elementinin sufi xalça kompozisiyalarında istifadə olunması barəsində qeyd etmişdik. Ancaq bu tipli xalçaların kompozisiyasında sütunun element olaraq nə məqsədlə istifadə olunması bildirilməyib. Xalça sənətində tam və hissə anlayışı kompozisiyaların qurulmasında mühüm rol oynayır. Amma bu anlayış da sufi xalçalarında fərqli şəkildə nəzərə çarpır. Bu nöqteyi nəzərdən biz bilirik ki, tam və hissə sistem və element anlayışları ilə çox yaxındır. Lakin onları eyniləşdirmək doğru deyil. Belə ki, tam öz həcminə görə sistemlərdən məhduddur. Çünki tamlıq keyfiyyətinə malik olan sistemlər ilə yanaşı digər sistemlər də mövcuddur. Digər tərəfdən "tam" anlayışı daha çox kompozisiyanın vəhdətini ifadə edir. Sistem anlayışı isə vəhdət ilə yanaşı həm də kompozisiyanın rəngarəng əlaqələrinə şərait yaradır.
Məzmun və forma bu mövzuda işlənən xalçalarda onun mühitini və xarakterini müəyyən edən elementlərin məcmusu və qarşılıqlı təsiri kimi başa düşülür. Xalçanın da məzmunu, onun quruluşunda tərtib edilmiş element və naxışların süjetidir. Məzmunda da struktur mərkəzi yeri tutur. Çünki eyni tərkibli elementlərin birləşməsi üsulundakı fərqlər, müxtəlif və ayrı-ayrı elementləri yaradır. Forma isə bu və ya digər məzmunun sahmanlı düzülüş prinsipi, mövcudluğu üsuludur. Məzmun kompozisiyanın bütün elementləri və məcmusu olduğu üçün, formaya münasibətdə daha dəyişkəndir. Forma isə elementlərin qarşılıqlı əlaqələrinin üsulu və xarakteri kimi dayanıqlıdır. Məhz bu baxımdan "Məkkə - Mədinə" adlı sufi xalçasında bədii formanın məzmuna uyğun gəlməsinə diqqət yetirilmiş və məzmun ilə formanın vəhdətini qoruyublar.
Xalçanın kompozisiya quruluşunda ara sahədəki paralel şəkildə tərtib edilmiş bölmələr sufizmə görə həqiqətə çatmanın dörd mərhələsinə (şəriət, təriqət, mərifət, həqiqət) işarədir. Və hər bir mərhələ tərtib edilmiş element və simvolik işarələri ilə birlikdə, "sütun" elementinin üzərində qurulmaqla xalçanın məzmununu sufizm ideyalarına bağlamaqla düşündürücü və gözəl kompozisiya yaranıb. Bu cür dini mövzuda toxunan "sufi" xalçalarında "sütun" motivinin əsas elementlərdən biri olaraq verilməsi həm də "dirək" kultu ilə də səsləşə bilər. Burada bizi cəlb edən damaltı sözüdür ki, bu da "sütün" (dirək) üzərində qurulur. Hətta həmin damaltı kimi təqdim edilən yerin çadıra bənzər şəkildə qurulduğunu da zənn etmək olar. Türklər çadıra alaçıq mənasında "alaçu" deyirdilər alacıqların da Şərq dünyasında məşhurluğu onun etibarlılığı və mərkəzi sütunu (dirək) ilə bağlıdır.

Məmmədhüseyn HÜSEYNOV
araşdırmaçı