Fidan Hacıyeva: arzularım çin olur Mədəniyyət

Fidan Hacıyeva: arzularım çin olur

Bu günlərdə Xalq Artisti Fidan Hacıyeva Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Parisdə müğənninin ilk konsertini Fransanın senatorları, UNESCO-nun nümayəndələri, mədəniyyət, ictimaiyyət və elm xadimləri izləyiblər.
Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının (ADA) Fransanın Milli Bayramı münasibətilə keçirdiyi tədbir çərçivəsində reallaşan solo konsertdə Fidan Hacıyeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.
ADA-nın baş katibi Mirvari Fətəliyevanın sözlərinə görə, assosiasiya bu səpkidə, yəni opera əsərlərindən ibarət konsertləri az-az təşkil edir. "Konsertdən olduqca razı qalan tamaşaçılar mənə çoxsaylı təşəkkür mesajları göndəriblər. Bu mesajlarda Fidan xanımın çox gözəl səsi olduğu, "Karmen"i yüksək səviyyədə ifa etdiyi, Azərbaycan mahnılarını gözəl oxuduğu bildirilib. Bir saatdan çox davam edən konsertdə müğənninin çıxışı unudulmaz təəssürat yaradıb. Tədbirdə iştirak edən Fransa senatının üzvü İv Pozzo di Borqo Fidan xanımın konsertinə görə mənə təşəkkür mesajı göndərdi, onun çıxışına valeh olduğunu bildirdi. Xoş təəssüratlar çoxdur", - deyə Mirvari Fətəliyeva bildirib.
Jorj Bizenin "Karmen" operasında baş qəhrəmanın obrazına məharətli ifası ilə öz möhürünü vuran Fidan Hacıyeva bu əsəri çox sevir. Özünün də dediyi kimi, bu əsər onun üçün doğmalaşıb. Üzərində daim işləyən Fidan xanım bu obrazı fransalı tamaşaçılara daha maraqlı formada təqdim edib. Bundan əvvəl İspaniyanın Barselona şəhərinə getmiş müğənninin flamenko rəqsini öyrənməsi ona stimul verib. Nəticədə Parisdəki solo konsertdə tələbkar fransız tamaşaçıları Karmen obrazının ispan rəqsi ilə təqdimatını, habelə Azərbaycan xalq mahnılarının ifası zamanı milli rəqslərimizin təcəssümünü heyranlıqla qarşılayıblar. Sen-Sansın "Samson və Dalila" operasında Dalilanı fransız tamaşaçıları qarşısında onların öz dilində mükəmməl ifa etməsi və alqışlarla qarşılanması Fidan xanımın daha bir uğurudur. Sözsüz ki, bu uğurlar sənətini sevən, ona sədaqətli olan ifaçının illərboyu çəkdiyi zəhmətinin bəhrəsidir.
Fransanın Milli Bayramı münasibətilə keçirilən tədbir Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində ikiyaşlı Zəhranın və nənəsinin ölümündən on gün sonraya təsadüf edib. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel bu hadisə barədə Fransa Prezidentinə müraciət etdiklərini diqqətə çatdırıb. Azərbaycan həqiqətlərini sənətinin dili ilə dünyaya yayan Fidan Hacıyeva da həmin günlərdə xalqımızın vətənpərvər övladı və bir ana kimi çox üzülmüşdü. O, bu barədə fikirlərini bölüşərək deyir: "Konsert ərəfəsində özümü çox pis hiss edirdim. Lakin anlayırdım ki, xaricilərin qarşısında daha yaxşı çıxış etməli və xalqımızın mədəniyyətini layiqincə təmsil etməliyəm. Bütün bunları fikirləşərkən sanki bir güc gəldi mənə. Dünya musiqisi incilərini fransalı tamaşaçılara çatdırmaqla bir daha xalqımızın böyük mədəniyyətini tərənnüm etdim. Bu ifa zəngin mədəniyyətimiz və şərəfli tariximiz barədə bir çağırış idi".
"Fransada erməni diasporu güclüdür. Lakin Azərbaycan tərəfi burada böyük işlər görür. Heç uzağa getməyək, Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binası düşmənlərə göz dağıdır. Yaxud Kannda mədəniyyətimiz yüksək səviyyədə təbliğ olunur. Bütün bunlar bizim üçün çox vacibdir", - deyə Fidan Hacıyeva bildirib
Bir ildən artıqdır ki, yaratdığı Musiqi Mərkəzinə daha çox diqqət ayıran Fidan xanım sentyabr ayında pərəstişkarları qarşısına opera səhnəsində çıxacaq. Hazırda Cüzeppi Verdinin "Trubadur", "Aida" əsərlərindəki obrazlar, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasındakı Gülçöhrə obrazı üzərində işləyir. Müğənni, eyni zamanda, Heydər Əliyev Sarayında və ya Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsert verməyi planlaşdırır. Lakin bunlar hamısı deyil. Fidan xanım, həmçinin Musiqi Mərkəzində tələbələrindən ikisini dekabr ayında Belarusda keçiriləcək beynəlxalq müsabiqəyə hazırlayır. Dünya praktikasında bu cür mərkəzlərin öz repertuarları, afişaları olur, festivalları, yarışmaları keçirilir. Biz də Fidan Hacıyeva Musiqi Mərkəzinin öz fəaliyyətini müvafiq sahələrdə genişləndirməsini, ifaçımıza isə pərəstişkarlarına yeni-yeni sevinclər bəxş etməsini arzulayırıq.