“Ər və arvad” Musiqili Teatrda… Mədəniyyət

“Ər və arvad” Musiqili Teatrda…

Azərbaycan Dövlət Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşası ilə start verəcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsümün açılışı sentyabrın 16-da baş tutacaq. "Əvvəlcə yeni teatr mövsümünün başlanması münasibətilə ölkənin teatr ictimaiyyətini və bütün tamaşaçıları təbrik etmək istəyirəm. Qeyd edim ki, teatrımızda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin "Ər və arvad" ikihissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - "Ər və arvad" tamaşası ilə qoyulub. Eyni zamanda, ölkəmizdə hər il teatr mövsümünün açılışı dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində baş tutur. Xüsusi vurğulamaq istərdim ki, "Ər və arvad" teatrımızın repertuarındakı ən uğurlu və tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanan səhnə əsərlərindən biridir. Təsadüfi deyil ki, məhz bu tamaşa ilə Musiqili Teatr ölkəmizi xaricdə də uğurla təmsil edib. Buna misal olaraq ötən mövsüm İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalını qeyd edə bilərəm. Dünyanın təqribən 20 ölkəsindən teatrların qatıldığı bu nüfuzlu festivalda "Ər və arvad" komediyasını təqdim etdik və üç nominasiya üzrə qalib olduq. Həmçinin İran İslam Respublikasında keçirilən Azərbaycan Mədəniyyət Günlərində də yeganə teatr kollektivi kimi "Ər və arvad" tamaşası ilə iştirak etdik. Yenə də tamaşamız çox böyük maraq və coşqu ilə qarşılandı", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar Artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edəcəklər.