“Müslüm Maqomayev gənclərin ifasında” Mədəniyyət

“Müslüm Maqomayev gənclərin ifasında”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli müğənni, Xalq Artisti, dünya şöhrətli vokal və estrada ifaçısı Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş "Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqə elan edilib.
Müsabiqənin əsas məqsədi respublikamızda vokal və estrada sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, habelə onların ifaçılıq səviyyələrinin yüksəldilməsi və dəstəklənməsidir.
Vokal və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər.
Bir turdan ibarət olacaq müsabiqə 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.
İştirakçıların çıxış proqramı və sənədlər dekabrın 5-dən gec olmayaraq Bakı şəhəri, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinə göndərilməlidir.