Strasburqda Nizami Gəncəviyə həsr olunmuş konfrans keçiriləcək Mədəniyyət

Strasburqda Nizami Gəncəviyə həsr olunmuş konfrans keçiriləcək

Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilən tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam edəcək. APA-nın məlumatına görə, konfrans Strasburq şəhərinin Rin sarayında təşkil edilmiş "XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı" sərgisinin yekun mərhələsində baş tutacaq.
Konfransda Strasburq Milli və Universitet Kitabxanasının Əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin "Nizami Strasburqda", Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Maykl Berri "Nizami Gəncəvi-könül şairi" mövzularında çıxış edəcəklər. Elmi müzakirə zamanı Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının məruzələri dinlənəcək.
Qeyd edək ki, layihə çərçivəsində ötən il noyabrın 12-də Parisin Əlyazmalar və məktublar muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub.