Uşaq ədəbiyyatı ilə bağlı beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub Mədəniyyət

Uşaq ədəbiyyatı ilə bağlı beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub

Yunanıstanın Afina şəhərində təşkil olunan Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının 36-cı konqresində ölkəmiz də təmsil olunub.
Tədbirdə ölkəmizi Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova təmsil edib.
Müxtəlif ölkələrdən uşaq ədəbiyyatı sahəsində çalışan mindən çox nümayəndənin iştirak etdiyi builki konqresdə "Uşaq kitabları ətrafında Şərqlə Qərbin görüşməsi" mövzusu müzakirə edilib.
Beynəlxalq Uşaq Kitabı Şurasının ali mükafatı sayılan "Andersen" qızıl medalı bu il "Ən yaxşı uşaq yazıçısı" nominasiyası üzrə yapon yazıçısı Eyko Kadonoya və "Ən yaxşı uşaq kitabı rəssamı" nominasiyası üzrə rusiyalı rəssam, uşaq kitablarının illüstratoru İqor Oleynikova təqdim olunub.
Azərbaycan və digər milli bölmələr tərəfindən hazırlanmış sərgi stendləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Zahirə Dadaşova bildirib ki, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının üzvüdür. İki ildən bir təşkil olunan konqresdə Azərbaycan Milli Bölməsini müntəzəm olaraq Respublika Uşaq Kitabxanası təmsil edir. Hazırda Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının missiyası uşaq və yeniyetmələr üçün yazılmış əsərlərin ən yaxşılarını dəyərləndirmək, bu istiqamətdə müxtəlif xalqların fikirləri ilə qarşılıqlı müzakirə aparmaqdır.