Buryatiyada yaşayan azərbaycanlılar Etnomədəni Festival keçiriblər Mədəniyyət

Buryatiyada yaşayan azərbaycanlılar Etnomədəni Festival keçiriblər

Buryatiya Respublikasında yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti və Buryatiya Respublikasında yaşayan Azərbaycanlı Gənclər Birliyi miqyasına və iştirakçılarının sayına görə "20 il birlikdə" adlı möhtəşəm Etnomədəni Festival keçiriblər. Buryatiya azərbaycanlılarının ilk ictimai təşkilatının yaradılmasının 20 illiyinə və Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr edilmiş tədbirin açılışında qeyd edildiyi kimi, Buryatiyada azərbaycanlıların "Vətən" adlı ilk ictimai təşkilatı 1998-ci ildə Mirzə Əhədovun sədrliyi ilə fəaliyyətə başlayıb.
Hazırda "Buryatiya Respublikası Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" (BR AMMM) regional ictimai təşkilatının prezidenti olan Mirzə Əhədov tədbirin iştirakçılarına və qonaqlara minnətdarlığını bildirərək qeyd edib ki, Buryatiyanın azərbaycanlılar icması uzun və şanlı təşəkkül və inkişaf yolu keçib. Hazırda bu icma müasir çoxmillətli Buryatiyanın etnomədəni palitrasının mühüm tərkib hissəsidir. M. Əhədov qeyd edib ki, etnik qrupların qarşılıqlı fəaliyyətinə və mədəniyyətlərin qarşılıqlı təsirinə stimul yaradan düşünülmüş və uzaqgörən milli siyasət sayəsində 20 il ərzində respublikada millətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək, xalqlar arasında mədəni-mənəvi əlaqələri möhkəmlətmək mümkün olub.
Tədbirin fəxri qonaqları – Buryatiya Respublikasının başçısı Administrasiyasının rəhbərinin müavini, Millətlərarası Münasibətlər Komitəsinin sədri Mixail Xaritonov, Xalq Xuralı sədrinin müavini Bair Jambalov və başqaları Azərbaycan icmasına ünvanlanmış təbrik nitqləri ilə çıxış ediblər. Onlar vurğulayıblar ki, respublikanın Azərbaycan icması Buryatiyada millətlərarası sülhün və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfə verir, Buryatiyanın həyatının bütün sahələrində yaradıcı şəkildə iştirak edir, öz xalqının mədəniyyətini və ənənələrini təbliğ edir.
Fəxri qonaqlara tədbirin təşkilatçıları adından hədiyyələr – milli şirniyyat və üzərində "20 il birlikdə" etnomədəni festivalının rəmzləri olan suvenirlər təqdim edilib. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, Azərbaycan icması tərəfindən təşkil edilmiş etnomədəni festival yerli KİV-lərdə geniş işıqlandırlıb.
"Buryatiya Respublikası azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" idarə heyətinin sədri Nəriman Nağıyev "Buryatiya" Dövlət Teleradio Şirkətinə müsahibəsində qeyd edib ki, artıq 20 ildir azərbaycanlılar bu respublikada yaşayan başqa millətlərin nümayəndələri ilə bərabər Buryatiyanın etnomədəni müxtəlifliyinə, millətlərarası münasibətlərin harmonikləşdirilməsinə imkan daxilində töhfə verir, Azərbaycan xalqının adət və ənənələrini, onun folklorunu, musiqisini, rəqslərini, səhnə sənətini, milli mətbəximizi və digər dəyərləri təbliğ edirlər.
Buryatiya Xalqları Assosiasiyasının sədri Sajida Batalovanın fikrincə, hazırda Buryatiya azərbaycanlıları daha sıx birləşməkdədir. S.Batalova deyib: "İcmanın fəalları, o cümlədən gənclər təşkilatı vasitəsilə çox maraqlı yeni layihələr həyata keçirir – Novruz bayramı qeyd edilir, "Ulduz" adlı ansambl yaradılıb. Azərbaycan icması regional Milli-Mədəni Muxtariyyət kimi yeni təşkilat yaratmaqla, öz inkişafında yeni zirvələr fəth etmək niyyətindədir, çünki ictimai birliyin bu forması Azərbaycan diasporunun Buryatiya Respublikasının həyatına daha səmərəli inteqrasiya etməsinə imkan yaradacaq".