Miflər yaranmasaydı... Mədəniyyət

Miflər yaranmasaydı...

İnsanlar dünyanın ən güclü varlıqlarına çevrilməzdilər...

1-ci yazı

Dünyamız hansı şəkildə yaranıb və sonu necə olacaq? Bəşər övladının ən ibtidai mifik təsəvvürlərindən tutmuş müasir elmi kəşflərədək uzun bir yol qət edilsə də, bu suala dəqiq cavab tapılmayıb. Yer üzündəki bir çox canlı-cansız varlıqların meydana gəlmə və təbiət hadisələrinin baş vermə səbəbləri aydınlaşdırılsa da, bütövlükdə kainatın, ulduz sistemlərinin - uzaq-uzaq qalaktikaların - bir sözlə, yaşadığımız dünyanın çıxış nöqtələri, başlanğıcı və finişi ancaq fərziyyələr şəklində izah olunur, bəzi məsələlərdə isə mifik təsəvvürdən uzağa getmir. Bilirik ki, neçə milyon il əvvəl məhv olmuş, izi-tozu da qalmamış bir neçə ulduzun parıltısı hələ də göydə qalmaqdadı, çünki mövcud olduğu vaxt o ulduzlardan düşən işıqlar indi bizə gəlib çatır. Deməli, başqa dünyalar yarandığı kimi məhv də olur. Məhz miflər də bizə bunu deyir. Miflər dünyamız haqqında bizə daha nələri demir ki?!.
Görəsən, artıq vidalaşdığımız XX əsrdə ən mühüm elmi kəşf hansıdır? Monqolustan düzənlərindən tapılan dinozavr yumurtasımı? Alimlərin qənaətinə görə, on milyon il əvvəl qoyulub. Yoxsa qədim şəhərlərin qalıqlarında aparılan qazıntılar zamanı üzə çıxan qiymətsiz yazılı abidələrmi? Onlar torpağın altına qalanıb, neçə milyon il qalmış və tarixə bəlli olmayan mədəniyyətlərdən xəbər verir. Deməli, bəşər övladının dünyaya gəlib şüura, nitqə sahid durmasından çox-çox qabaqlar əlifba movcud olmuşdur, iqilimin dəyişməsi - buzlaşma və s. fəlakətlər nəticəsində bütün canlılar məhv olub. Məhz yenidən dünyaya gələn insanın şüurunda kortəbii formada doğulan mifik obrazlar həmin mədəniyyətlərin qalıqları sayılır. Lakin XX yüzilliyin ən böyük elmi kəşfi, çoxlarının qənaətinə görə, Yer kürəsinin meydana gəlmə vaxtının radioaktiv saat vasitəsi ilə dəqiq müəyyənləşdirilməsidir. Taf-Kollecin professoru Leyn eksperiment apararaq, bu nəticəyə gəlib ki, yaşadığımız dünyanın 1 250 000 000 yaşı var. Miflərdə bu böyük dövrdə baş vermiş hadisələrlə bağlı müxtəlif təsəvvürlər əks olunub.
Başqa sözlə, insanın dərk edə bildiyi elə bir problem, gördüyü və duyduğu elə bir varlıq, detal, element yoxdur ki, onun barəsində miflərdə xüsusi yolla, primitiv şəkildə də olsa, nəsə şərh, izahat verilməsin. Külək niyə qəflətən əsir, birdən də dayanır? Miflərin dilində bu hansı qüvvəninsə yer üzünə müvəqqəti göndərdiyi bəladır. Günəş nə səbəbə axşamlar batır, səhər erkən yenidən çıxır?.. Minlərlə bu cür suala miflərdə cavab tapmaq mümkündür.
Maraqlıdır ki, hər bir insan göz açıb, şüurlu həyata başlayanda dünyanı öz bildiyi kimi dərk etməyə çalışır, dağ, çay, dəniz və s. ona olduğundan tamamilə fərqli şəkildə görünür. Körpə bir sıra təbiət hadisəsini müşahidə edərkən, özündən asılı olmayaraq, onda qeyri-adilik axtarır, istəyir ki, bütün cansız varlıqlar, eləcə də heyvanlar, quşlar tərəf-müqabilinə, oyun yoldaşına, həmsöhbətinə çevrilsin. Ona görə də bir ağac parçasının, daşın öz-özünə hərəkət etdiyinə, insan kimi dil açıb danışdığına uşağı asanlıqla inandırmaq olur.
Rastlaşdığımız hadisə və varlıqların sirlərini yaşa dolduqca, bilik və təcürbə əldə etməklə öyrənirik. Lakin uşaqlıq illərinin dünyanı dərketmə üsullarından heç vaxt yaxa qurtara bilmirik. Bir vaxtlar qəribə də olsa, milyonlarla adam televizorun qarşısında əyləşib Kaşpirovskinin "moizə"lərinə qulaq asırdı və hər cür xəstəliklə vidalaşacağına inanırdı. Sonra aldadıldıqlarını başa düşüb, uşaq yerinə qoyulduqlarından peşiman oldular. Bu, insan psixikasının körpəlikdən möcüzəyə, qeyri-adiliyə köklənməsindən irəli gəlir.
Bəşəriyyətin uşaqlıq çağında da belə olmuşdur. Dünya və təbiət haqqında heç bir məlumatı, bilgisi, təcrübəsi olmayan, toplum halında yaşayan, tez-tez təbiətin sərt üzü ilə rastlaşan ulu əcdad hər şeyə uşaq gözüylə baxıb, kollektiv maraqlarından doğan sonsuz suallara cavab axtarıb, istəyib ki, təbiət özü dilə gəlib sirlərini açsın. Bu mənada mifologiya ulu əcdadın həm "əlifba" kitabı, həm bütün sahələr üzrə ona primitiv bilgilər verən "dərs vəsaiti", həm də çətin bir sorğu qarşısında aciz qalanda "ensiklopediya"sı olub.
Mif qədim insanların təsəllisi, gələcəyə ümidi, yaşamaq, yaratmaq amalı idi. Məhz min cür fəlakətlərlə üzbəüz, təkbətək qalanda, sərt üzlü təbiətin özünə belə təsir etmək, onu dəyişdirmək qüdrətinə malik olduqlarını miflərlə dərk etmişdilər, cəsarət, güc tapıb öhdələrinə düşən missiyaları tarix boyu, mərhələ-mərhələ, səbrlə yerinə yetirməyə can atıblar. Şüurlu həyatın başlanğıcında həyat-ölüm dilemması qarşısında qalanda belə miflərin yardımına güvəniblər. Kortəbii şəkildə təfəkkürdə yaranan miflər - fövqəltəbii qüvvələr və fantastik obrazlar olmasaydı, ulu əcdad ilkin məskənlərindən, sığındıqları mağaralardan çıxıb, çox uzağa gedə bilməzdi, toplumun ayaqları dəyməyən yerlərin sirləri açılmazdı, başqa insan dəstələri ilə ünsiyyət və əlaqə olmazdı, şüur inkişaf etməzdi. Bir sözlə, miflər yaranmasaydı, insanlar dünyanın ən güclü varlıqlarına çevrilməzdilər.
Bəşəriyyətin mənəvi mədəniyyəti içərisində ikinci yaradıcılıq hadisəsinə rast gəlmək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqiqatçıların bir qrupu mifləri dinlə eyniləşdirməyə çalışıb, digərləri bunun qəti əleyhinə çıxıblar. Bəziləri mifləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırıb, başqaları isə, mifləri folklor janrlarından tamamilə təcrid edilmiş halda təqdim etməyi məqbul sayıblar. Hətta elələri tapılıb ki, mifləri, xalqın mənəvi dəyərləri içərisində mürtəce mahiyyətli artıq yük hesab edib, əksinə düşünənlər də (mədəniyyətin ən mütərəqqi faktı kimi) olub. Bəs əsil həqiqətdə mif nədir? Onun bəşər təfəkkürünün inkişafında rolu nədən ibarətdir, dinlə və folklorla (ədəbiyyatla) hansı tellərlə bağlıdır? - suallarına cavab axtaran rus folklorşünası S.A.Tokarev yazır: "Mif, hər şeydən əvvəl, dünyanın və insanın yaranması haqqında antik, bibliyadan gələn və başqa qədim "nağıllar"dır (əhvalatlardır mənasında başa düşülməlidir - kursiv R.Q.), əski allahlar və qəhrəmanlar - yunan və roma allahları, qəhrəmanları üstünlük təşkil edir - haqqında poetik, primitiv, qəribə hekayətlərdir".
E.M. Meletinskinin qənaətinə görə də mif allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dünyanın özünün, eləcə də təbiət və mədəniyyət elementlərinin yaranmasında birbaşa, ya da dolayı yolla iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar kimi anlaşılır. Mifologiya isə allahlar və qəhrəmanlarla bağlı həmin əhvalatların cəmi olmaqla yanaşı, dünya haqqında fantastik görüşlər sistemidir. Mifləri öyrənən elm də mifologiya adlanır.
Miflər sadəliyi, primitivliyi ilə seçilməsinə, asan yolla dünyanı dərk etmə vasitəsi olmasına baxmayaraq, nədənsə, onları abstrakt üsullarla şərh etmək ənənə halını almışdır. Bu mənada miflərin tədqiqində son istiqamət fransız semioloqu Rolan Bartın adı ilə bağlıdır. Onun struktralist metodologiyaya söykənən tədqiqatlarında birtərəflilik müşahidə olunur. O, yalnız dil faktoru kimi götürüb, mənalandırmaqla, miflərin bir sıra başqa mühüm cəhətlərini - süjet elementlərini, obrazlar sistemini, hadisə, əhvalat, hiss, emosiyalar ifadə etməsini və s. arxa plana keçirir. Əlbəttə, bütün elmlərin bünövrə daşlarını təşkil etdiyi üçün miflər hər sahədə öz izlərini bu və ya digər dərəcədə qoruyub saxlayır. Bu, sabit qanunları, kateqoriyaları olan elmlərdə, o cümlədən dilçilikdə, semiotikada daha çox nəzərə çarpır. Miflər sözlərdə müxtəlif məna çalarları yaratmaq funksiyasını bu gün də yerinə yetirir. Bu baxımdan Rolan Bartın fikirləri ilə bəlkə də razılaşmaq mümkündür: "Atalar sözündə olduğu kimi, "təkrar biliyin anasıdır"mı? Bilmirəm, lakin mif mənanın anasıdır". Tədqiqatçı struktrualizmə o qədər meyllidir ki, öz elmi əsərlərini də miflərin toplusu sayır.
A.Acalov da müasir elmi araşdırmalara söykənərək, belə qənaətə gəlir ki, "mifologiya dünyanı özünəməxsus qanun və vasitələrlə biçimləyən və izah edən dinamik işarələr sistemidir. hər bir sistem kimi mifoloji sistem də yalnız göstərilən əlamətlər və özünün tərkib hissələri (struktur elementlər) ilə deyil, daha çox bütün bunların qarşılıqlı münasibətləri, əlaqələri ilə səciyyələnir. Çünki "hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olur" (Nəsirəddin Tusi). Deməli, dünyanın mifoloji modelini və mifoloji düşüncəni bərpa edərkən onun bütün ünsürlərinin (yer, göy, su, ağac, ruh, əcdad və b.) müəyyənləşdirilməsi işin yalnız bir tərəfidir. Başlıca məsələ onların düzülmə ardıcıllığını və münasibətlərini bərpa etməkdir. Bu zaman konkret ünsürlərin semantikası nə qədər dəyərli olsa da, araşdırıcı üçün ikinci dərəcəlidir. Çünki bərpa son nəticədə konkret semantik qatları yox, ümumi modelin aşkarlanmasını nəzərdə tutur. Başqa sözlə, həmin ünsürlərin vahid modeldə birləşmə, qarşılıqlı fəaliyyət və dəyişməsi qanunları ilə məşğul olur. Əgər dil və başqa işarə sistemləri (mifologiya özü də elə müəyyən işarə sistemidir!) ilə analogiya aparmış olsaq, deyə bilərik ki, bərpa burada mifoloji düşünənin qrammatikasının, mifoloji sintaksisinin bərpasıdır. Etnik-mədəni və sosial strukturların öyrənilməsində bu üsul son illərdə meydana çıxır və uğurla tətbiq edilir". A.Acalov bu üsulun elm tarixində ilk dəfə N.Tusinin "Əxlaqi-nasiri" əsərində tətbiq edildiyi ehtimalını irəli sürür. Doğrudan da, dünyanı xüsusi anlayışlar və işarələr sistemi ilə dərk etməyə yönələn istiqamətlər Avropada XVII əsrdə meydana gəlib, XX əsrdə müstəqil elm sahəsi kimi formalaşsa da (bu gün əksər ölkələrdə "uğurla tətbiq edil"sə də), Şərqdə, o cümlədən Azərbaycanda səkkiz yüz il əvvəl başlanıb. Sührəverdinin "İşraqiyyə" təlimində və sufizmdə tərtib edilən sxemlər (miflərdə olduğu kimi dünyanı dərk etmək və tanrıya qovuşmaq məqsədilə) mifoloji işarələr sisteminin eyni deyilmi? "İşraqiyyə"nin və sufizmin rəmzləri heç də müasir strukturalistlərin düsturlarından geri qalmır. Yaxud əbcəd hesabını mifik sadə sakral (müqəddəs) rəqəmlərin daha mürəkkəb və sistemli şəklə salınması və yazılı ədəbiyyata tətbiqi kimi qəbul etmək olar. Şərqdə mif sözü yerinə əsatir işlənirdi ki, bu da mənaca miflə üst-üstə düşür. Hürufilər dünyanı anlamaqda birbaşa işarələr sistemini - hərf düzmünü əsas götürmüş, mifologiya səviyyəsində modellər qurublar.

Ramazan Qafarlı
professor