Bakıda Fransada yaşayan azərbaycanlı yazıçının kitabının təqdimatı olub Mədəniyyət

Bakıda Fransada yaşayan azərbaycanlı yazıçının kitabının təqdimatı olub

"TEAS Press" Nəşriyyat Evinin təşkilatçılığı ilə "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən "LİBRAFF" kitab mağazasında Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın "İvon Bottonun arzuladığı həyat" romanının təqdimatı keçirilib.
Roman azərbaycanlı əsgərə olan sevgisinə görə doğma vətəni Fransanı tərk edib İmişlidə yaşamağa qərar verən İvon Bottonun keşməkeşli, insan düşüncələrinin fövqündə dayanan həyatından bəhs edir.
Tədbirdə bildirilib ki, Şain Sinaria kitab üzərində uzun müddət işləyib, qəhrəmanının həyat hekayəsini bir aya yaxın müddətdə onun evində qalaraq özündən dinləyib.
"TEAS Press"in əməkdaşı Aysel Zahidqızı Şain Sinaria yaradıcılığı və "İvon Bottonun arzuladığı həyat" kitabı haqqında ümumi məlumat verib. Sonra müəllif, kitabın yazılma prosesi, fransız və Azərbaycan dillərində çapı və kitaba gələn reaksiyalar haqqında danışıb.
Kitabın hər iki ölkədə böyük rezonansa səbəb olduğunu, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşdığını deyən müəllif, hətta bəzi oxucuların bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını da vurğulayıb: "Həqiqət isə odur ki, bu, nə nağıldır, nə əfsanə. Bu, cəmi bir il öncəyə kimi yaşayan bir qadının gerçək taleyidir. O qadın ki, həm sevgilidir, həm həyat yoldaşı, həm ana, həm nənə, həm də iki ölkənin vətəndaşı".
Çıxışlardan sonra kitab, müəllifin imzası ilə oxuculara hədiyyə olunub.