Beynəlxalq Ana Dili Gününə həsr edilmiş kitab sərgisi Mədəniyyət

Beynəlxalq Ana Dili Gününə həsr edilmiş kitab sərgisi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında, insanlar arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Professor onu da vurğuladı ki, müəyyən tarixi dövrlərdə dilimiz düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmış və çətin sınaqlarla üzləşib. Lakin xalqımızın əyilməzliyi, milli qüruru, öz dilini qoruyub saxlamaq arzusu sayəsində ana dilimiz öz təbiiliyini və zənginliyini itirməyib.
K.Tahirov çıxışında Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini və onun bu istiqamətdə gördüyü tədbirləri xüsusi olaraq vurğulayıb. O, həmçinin ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və dilimizin zənginləşdirilməsi məqsədilə apardığı siyasətin önəmini də qeyd edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur. Sərgi bir həftə nümayiş ediləcək.