Beynəlxalq Muzeylər Günü Mədəniyyət

Beynəlxalq Muzeylər Günü

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
Ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edəcək. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin “Muzeydə virtual tur” layihəsi çərçivəsində tanınmış ictimai simalar muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış edəcəklər. Qeyd edək ki, virtual tur rus və ingilis dillərində də təqdim olunacaq. Həmçinin ekskursiya muzeydə ilk dəfə “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” devizinə uyğun olaraq surdo-tərcümə ilə müşayiət ediləcək. Bununla yanaşı, Beynəlxalq Muzeylər Günü Rusiya Etnoqrafiya Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi onlayn bağlantı yaradacaq. Onlayn bağlantı zamanı “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında Azərbaycan inciləri” adlı birgə layihə, muzeylərin virtual fəaliyyəti, bu sahədə qazanılan təcrübə və gələcək planlar müzakirə olunacaq.
Azərbaycan Milli İncəsənət Muzeyi isə 18 may saat 12:00-da ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edəcək. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgiy Quramoviç Quraspaşvillinin xüsusi metodikası ilə keçirilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən yaradılıb. Virtual sərgini muzeyin “facebook”, “instagram” və “twitter” səhifələrindən izləmək mümkün olacaq.
Bayram günü Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi öz kolleksiyalarını üç dildə “Dinləyin bizdə nələr vardır”, “Təsviri sənət əsərləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” kimi müxtəlif rubrikalar altında geniş auditoriyaya təqdim edəcək. Təqdimatda sağlamlıq imkanları məhdud insanlar da nəzərə alınacaq. Muzeyin hazırladığı audio-video almanaxda milli və dünya ölkələrinin musiqi alətləri haqqında musiqi müşayiəti ilə səslənən postlarla yanaşı, muzeyin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının dünyadakı muzey işçilərini təbrik etmək üçün hazırladıqları onlayn bayram konserti də yer alacaq.
Beynəlxalq Muzeylər günündə “YARAT” Müasir İncəsənət Məkanı şəhər multimedia layihəsini həyata keçirməyi planlaşdırır. Milli Azərbaycan Tarixi Muzeyi “Bir toxunuş, min dəyər" onlayn muzey tanıtım layihəsi hazırlayıb. Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol!” kampaniyası elan edib.