Novruz inancları Mədəniyyət

Novruz inancları

Naxçıvan bölgəsi inancları

İlaxır Çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, deyərlər. Deyirlər ki, İlaxır Çərşənbə gecəsi səhərə yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.
Qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında baş verir. Ona görə də Novruz dörd həftədi. İlaxır günü il təhvil veriləndə ağaclar başını əyib yerə vurar.

Göyçə bölgəsi inancları

Novruz bayramı günü savaşan, yaxud evdə olmasan yeddi bayram savaşacaq, evdə olmayacaqsan. Novruz bayramında evlərin tavanına un vururlar ki, ev həmişə ruzili olsun.
Novruz bayramında kim gün çıxmamış hamıdan tez bulaqdan su gətirib onunla xəmir yoğursa, o evdən bin-bərəkət heç vaxt əksik olmaz. İlin axır çərşənbəsində bir subay oğlana iki boşqab verib suya yollayırlar. Tapşırırlar ki, boşqablardan birini su ilə doldursun. Əyər oğlan sağ əlindəki boşqabı doldurub gətirsə, niyyəti hasil olar.
İlin axır çərşənbəsində gecə yarısı yuyunub paklanandan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, o niyyətinə çatarsan. Dərdini, ağrını, azarını suya söyləsən, su gecə hamısını özü ilə aparar, - deyirlər.
Qarabağ bölgəsi inançları
Bayram axşamı bütün ağacların başı aşağı dəyir, bax onda kim nə niyyət eləsə, niyyəti hasil olar. Bayram axşamı bir yumurtanı gizlin bir yerə qoyub yanına qırmızı, qara karandaş qoysan, məlakələr qara xətt çəksələr , demək bəxtin pis gətirəcək, qırmızı xətt çəksələr, deməli xoşbəxt olacaqsan.

Gəncəbasar bölgəsi inancları

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədirlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt – çəkirlər, deyirlər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əyər iynələr yaxınlaşsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır – deyərlər. Axır çərşənbə gecəsində ürəyində niyyət tutub qapı dinləyirlər. Yaxşı söz eşitsən, istəyinə çatarsan – deyərlər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda sevdiyin insan sənə su verəcək – deyirlər. Axır çərşənbə gecəsi almanı qabıqlarını qırmamaq şərti ilə bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan, qismətinə çıxacaq adamı yuxuda görərsən – deyərlər.
Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisinə də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun-manşırladığın qab dolu gələrsə, niyyətin çatarsan – deyərlər. Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedəcək – deyərlər.

Qaraqoyunlu bölgəsi inancları
İlin axır çərşənbəsində ürəyində niyyət tutub hava qaralandan sonra xəlvətcə gedərsən qohum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan: eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyini nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək niyyətin baş tutacaq. Əyər pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidirsənsə, onda istəyinə çatmaq çətin olacaq.
İlin axır çərşənbəsində su dolusu kasa götürüb onun ucuna pambıq dolanmış iki iynə atırlar. Əyər iynələr bir-birinə yaxınlaşır görüşürlərsə, onda ürəyinizdə tutduğunuz niyyətə catacaqsız.
Axır çərşənbə gecəsi iki alma götürüb birinə xəlvətcə bir nişan qoyursan. Sonra ürəyində bir niyyət tutursan, gəlib evdəki ən xırda uşağı çağırırsan ki, gəlib almalardan birini götürsün. Əyər nişanladığın almanı götürsə, onda diləyinə çatarsan.
Axır çərşənbə gecəsinin səhəri sübh tezdən durub axar su üstünə getmək, suya salam verib üstündən üç dəfə atlanmaq, sonra da həmən sudan bir qab gətirib həyət-bacaya, evin dörd bucağına səpmək gərəkdir. Deyirlər ki, belə edəndə ilin xoş gələr, ağrı acı görməzsən.
Axır çərşənbə gecəsinin səhəri evin damına buğda atarlar ki, bərəkət artıq olsun. Axır çərşənbə gecəsində un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda bağlı qalmasın. Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralı arxası qapıya durub, ayaqlarındakı ayaqqabının birini qapıya tərəf atır. İşdi ayaqqabının burnu qapıya tərəf düşərsə, demək, ərgən qız yaxın zamanda ərə gedəcək .
İlin axır çərşənbəsində axar suyun qabağıını kəsmək olmaz, onda sənə sədəmə toxunar, işlərin dolaşar. Axır çərşənbə axşamının səhərisi evdə uşaqdan böyüyə nə qədər adam varsa, gedib hamısı axar su üstündən üç dəfə atılar, sonra da həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan olan bir qab sındırıb deyərlər: “Nə ki, ağrı-acımız, qada-bulamız varsa, hamısı bax bu su ilə getsin”.
Axır çərşənbə axşamında yandırılan tonqalın üstündən adamlar atlanıb qurtarandan sonra mal-qaranı, qoyun-quzunu da atladırlar ki, çillədə qalmasınlar. Çillə köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan atlayanda hamısı tökülüb odla yanır. Atlayıb keçəndə olur anadangəlmə.
Axır çərşənbə axşamında ov tüfənginə giliz qoyub boşuna atarlar ki, çillədən çıxsın. Əyər həmin məqamda tüfəngi doldurub atmasan, çillyə düşüb il boyu müdam düz vurmaz, ovdan, quşdan yayınarsan.
Axır çərşənbə axşamında yandırılan tonqalın üstündən atlanıb deyərlər:
Ağırlığım, uğurluğum,
Ağrım, acım,
Qadam, balam –
Hamısı tökülsün, bu odda yansın.
Bayram axşamında, ya da bayram günündə qalanan tonqalın üstündən atlananda bu sözləri deməzlər. Eləcə tonqalın başına yığışıb, ondan bərəkət istəyərlər. Bayram axşamında, ya da bayram günündə qalanan tonqala acı tüstülü ağac atmazlar. Ancaq quru ağacı bayram tonqalında yandırallar, yaş ağacı həmən ocağa atsan, sənə sədəmə toxunar, bərəkətin çəkilər. Bayram tonqalı yanıb axıra yetəndə ocaqdakı közlərin üstünə üzərrik səpib deyərlər: “Odumuza, ocağımıza kəm baxanın gözləri bax belə partlasın, özü də oda düşüb çatlasın”.
İlaxır çərşənbə axşamında baltanın küpüynən meyvə ocaqlarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: “Nə yatmısan, oyan, bərəkət payını götür”. Deyərlər belə edəndə həmən il ağacların bəhəri bol olar. Səməni saralıb solanda onu zibilliyə atmazlar. Bu zaman belə səmənini çaya atıb dalınca da şəkər atarlar. Belə olanda evə xeyir-bərəkət gələr.

Şəki bölgəsi inancları

Ərə getmək istəyən qızlar axır çərşənbə günü tonqalın üstündən hopanaraq deyirlər:
Atıl-batıt ilaxır,
Baxtım acıl, ilaxır .

Şəki-Zaqatala bölgəsi inancları

Birinci çərşənbədə hava-havaya ənir. Yəni havalar istiləşir. İkinci çərşənbədə hava suya ənir. Yəni suyu istiləşir, çayların buzu əriyir, sular artır, çay və göllər daha buz bağlamır. Üçüncü çərşənbədə hava yerə ənir. Torpağı isidir, torpağın canına isti keçir, daha donmur. O vaxtdan dağlarda, marxallarda qar uçqunu başlayır. Əsasən üçüncü çərşənbədə səməni qoyulardı.
Dördüncü çərşənbədə hava ağaca ənir, ağaclar, otlar göyərir. Deyirlər ki, ərik, şaftalı çiçəkləyəndə, gecə-gündüz bərabərləşir.