Torpaq çərşənbəsi Mədəniyyət

Torpaq çərşənbəsi

Su, Od və Yelin başlıca məqsədi torpağı oyatmaqdır

Axırıncı çərşənbəni torpaq ünsürü ilə əlaqələndirən professor Azad Nəbiyev yazırdı: "İlin axır çərşənbəsi ilin əziz günlərindəndir. Xalq arasında onunla bağlı çoxlu bədii nümunələr yaşamaqdadır. Axır çərşənbə bəzən yanlış olaraq Yellə bağlı izah edilir, onların yeri təhrif edilərək dəyişdirilir. Lakin diqqətli müşahidə göstərir ki, Novruz torpağın oyanması, yeni əkin mövsümünün başlanması ilə səciyyələnir. Torpaqdan əvvəl oyanan Su, Od (istilik) və Yelin başlıca məqsədi – torpağı oyatmaqdır. Axırıncı çərşənbədə torpaq oyandığına görə onun yer və torpaqla əlaqələndirilməsi həqiqətə daha uyğundur. Teoloyi düzümlə mərasim və etiqad silsilələrindəki sıralanma qanunauyğunluqları da nəzərdən qaçırılmamalıdır".
İlin sonuncu çərşənbəsinin torpaqla bağlanılmasına göstərilən cəhdlərin kökündə dayanan psixoloyi səbəbləri torpağın insanın real yaşayışında oynadığı mühüm rolda axtarmaq lazımdır. Belə ki, 4 yaradılış ünsüründən maddi olaraq ən çox gözə görünəni, təmasında olub, gündəlik güzəranımızın, həyatımızın, dolanışığımızın təminatçısı kimi gördüyümüz torpaqdır. O torpaq ki, yer üzünün üçdə bir hissəsini təşkil edən quru sahəsidir və insan maddi baxımdan Vətən deyib üstündə oturub qərarlaşıb. Onu Vətən timsalında özününküləşdirib, "Torpaqdan ray olmaz" - deyib dünya durduqca bu amal uğrunda yaşamış insan hətta torpaq uğrunda şəhidliyi belə özünə şərəf hesab edib. "Əcdadlarımızın mədfəni, övladlarımızın məskəni" dediyimiz (A.Səhhət) Vətənin maddi daşıyıcısı torpaq həm dünyadan gedənlərimiz üçün həm də dirilərimiz üçün zəruri əhəmiyyətə malikdir. Qırğız yazıçısı Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş" əsərinin məğzində – mayasında isə insana psixoloyi baxımdan quru sahəsinin – torpağın nə dərəcədə hava-su kimi vacib lazım olduğu ideyası aşılanır. Bir sözlə, torraq ünsürü cəmiyyətin və bütün varlıq aləminin üstündə yaşadığı zəmindir ki, torpaqsız yer üzü başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloyi mənbələrdə də insanın, cəmi mövcudatın torraqdan yaradılıb xəlq olunması inamı var ki, bu da psixoloyi amil kimi sonuncu çərşənbəni torpaqla bağlamağa vadar edən səbəblərdəndir.
"Qarabağ: folklor da bir tarixdir" toplusunda getmiş və demək olar ki, həmin məzmunu Kəmalə Osmanovanın da öz kitabına daxil etmiş olduğu "İnsanın yaranması" adlı mifə diqqət edək.
Allah öncə insanı yaratmaq istəyib. Mələklərdən birini torpaq dalınca yerə göndərir. Torpaq qışqırır, hay-küy salır. Mələk qaçır. Sonra başqa mələklər göndərir. Torpaq yenə də qışqırır. Axırda Allah Əzrayılı çağırıb deyir ki, "Yerə en və torpaqdan bir az gətir gəl". Əzrayıl deyir:
- Qurban olum, axı bir belə mələklər gedib torpaqdan götürə bilməyib. Torpaq vahimə çıxardır ki, məndən götürməyin, yaralamayın məni.
Allah-təala əmr edir ki, mən sənə deyirəm:
- Get götür gəl.
Əzrayıl torpağın üstünə enir. Torpaq vahimə qaldırıb çığırır:
- Yox, mənə toxunma, məni yaralama.
Əzrayıl deyir:
- Səndən aparıramsa, sənin özünə qaytaracağam.
Ona görə deyirlər ki, insan torraqdan yaranıb, torpağa da qismət olacaq. Əzrayılın sözlərini eşidən torpaq rahatlıq tarır.
Torpaq burada insaniləşdirilib – canlı formada təsvir edilib, torpağın yaradıcı gücü göstərilib. Həm də burda bir cümlədəki "səndən ararıramsa sənin özünə qaytaracağam" fikrinin müqabilində torpağın razılaşması – sakitlik tapıb ram olması inancı və bu inanca nisbətdə yaranmış izahedici xarakterli atalar sözümüz olan "ona görə deyirlər ki, insan torpaqdan yaranıb, torpağa da qismət olacaq" deyimi həm də maddi-cismani həyatın da qaralı – təkrarlanan dövrə əsasında qurulduğu ideyasını ortaya qoymuş olur. Başqa sözlə, zaman məfhumunun qaralılığı – dövrəviliyi fəsillərin bir-birlərini əvəzləməsi və s.-nin timsalında məlum idi, burada isə məkan anlayışı ifadə edən torrağın (torpaq ünsürünün, torpaqdan yaranan canlıların və insanın özünün həyatının da) torpaqdan yaranıb torpağa qayıtması əsasında təkrarlanan-zəncirvari həlqə şəklində olduğunu göstərir. Dindəki "axır-məhşər günü" də bu mifoloji mətndən doğan fikrin başqa bir formadakı təsdiqidir. Deməli, yaradıcı stixiya kimi torpaq canlıları özündən yaradır, həyata bəxş edir və son nəticədə yenidən özünə qaytarıb, ölüm şəklinə salır. Doğulma və ölüm (ölüb-dirilmə) həyatın iki üzünün əksi olub, biri digərinin mövcudatı üçün əsas verir. Bu dünyanın da (kosmik aləmin), o dünyanın (xaotik dünyanın) xüsusiyyətlərini torraq ünsürü özündə ehtiva edir və ilaxır çərşənbələrdən biri olmaqla da özündə dirilik tapmanı – kosmik məkanı reallaşdırır. Elə "ərlə arvadın torrağı bir yerdən götürülüb (yoğurulub)" məsəlimizin də alt qatında bu kimi mifik düşüncə əksini tapıb ki, əks cinslərin birliyinin rəmzi həyatı doğurur, yeni yaradılışa əsas verir. Ərlə arvadın torpaqlarının bir yerdən yoğrulmaları hesabına onlar ailə cütlüyü yaradır və övladlar – uşaqlar (artım mənbəyi kimi) dünyaya gəlirlər ki, bu da mayasında torpaq ünsürünün dayandığı bu faktın da həyatı, - yeni doğulmanı özlüyündə simvollaşdırdığını aydın göstərir.
Tədqiqatçı Xeybər Göyyallı son çərşənbə hesab etdiyi torpaq ünsürü ilə bağlı fikirlərini belə şərh edir: "Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır. Təbiətin digər komronentlərinə nisbətən torpaq qış yuxusundan gec oyanır.
Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç ünsürün (su, od yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə "İlaxır çərşənbə", "Torraq çərşənbəsi", "Yer çərşənbəsi" deyib. Torpağa gəlmiş hərarət suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dirçəlmiş torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edib. Xalqın bu inamı onun mifik düşüncəsində əbədiləşdirilib". Göründüyü kimi, müəllif axırıncı çərşənbəni torpaqla bağlamaqda "təbiətin digər komronentlərinə nisbətən torpağın qış yuxusundan gec oyanmasını" səbəb göstərir və bu aspektdən yanaşmaqla da bu ətrafdakı fikirlərini inkişaf elətdirir.
Tədqiqatçı Sevinc Qasımova isə bu mərasimdəki mifik və real elementlərin vəhdətindən çıxış edərək yazır ki, "Torraq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər". Bu, o deməkdir ki, insanların torpağa qulluq göstərməsi iki rlanda özünü doğruldur: torpağın sahibi, əyəsi sayılan torraq ruhuna nəvaziş, xidmət göstərilir və bunun əvəzində torpaq ruhu da insanları maddi nemətlər bolluğu ilə mükafatlandırıb, onların bolluq, firavanlıq içərisində yaşamalarına təminat yaradır. Bu da insanların ərzaq-qida sayəsində fiziki baxımdan özlərində güc, eneryi toplamalarına zəmin yaradıb, onların yeni qüvvə ilə yeni həyata atılmalarını gerçəkləşdirir.
Botanika dərsliyində torpağa belə bir tərif verilib: "Yerin bitki bitən üst münbit qatına torpaq deyilir". Deməli, Yer sözü ümumilikdə bütün Yer planetini – quru sahəsini özündə ehtiva etdiyi halda, torpaq ifadəsi yalnız yerin bir neçə santimetrlik hissəsi olan üst təbəqəsini bildirir. İnsanlar da Yer adlı nəhəng bir orqanizmin yalnız cüzi bir hissəsinə – torpaq səthi deyilən üst qatına (üst qatda, üstün qatda yerləşən yer ruhuna, torpaq ruhuna) xidmət göstərməklə Yer (Torpaq) ruhunun könlünü öz işgüzar, əməksevər əlləri ilə oxşayıb-sığallayır, əvəzində isə münbit qatdan özləri üçün, həyat, yaşayış səviyyələrinin yüksəldilmələri üçün məhsul bolluğuna rəvac verirlər. Amma bütün bunların başlanması üçünsə gərəkdir ki, təbiətin digər bir yaradıcı ünsürü olan od əvvəlcə öz istisini torpağın canına yaysın, bununla ölmüş-donmuş torpaq dirilsin, cana gəlsin. Elə bu məqama da xüsusi diqqət çəkdiyindəndir ki, tədqiqatçı K.Osmanova yazır:
"Torpaq çərşənbəsində əkinin bünövrəsini ağsaqqallar qoyardı. Kişilər bir müddət şumun üstünə oturub deyərdilər ki, altım isinmədi. Torpaq çərşənbəsində gərək torpaq qızsın. Qışda istilik enir alt qata, torpağın dərin qatlarına gedir, amma yazbaşı gələndə, torpaq çərşənbəsindən sonra üstə çıxır. Ona görə kişilər şumluqda oturanda onu üşüdürsə, deməli, toxum əkmək olmaz. Amma şum onu üşütmürsə, otura bilirsə, deməli, torpaqda hərarət var, əkmək olar. Əkilsə, məhsul verəcək".
Deməli, qışda alt qata – yerin dərin qatlarına gedib yatmış istilik (od ünsürü) Torpaq çərşənbəsində yerin üst münbit qatına - torpaq təbəqəsinə çıxıb, torpağı təzədən canlandırır, yatmış (ölmüş) torpaq yenidən oyanır - dirilir və bu dirilmə ilə həm özünü dirildir, həm də üstündə qərar tutmuş bütün canlılara yeni həyat – dirilik bəxş etməklə öz missiyasını həyata keçirmiş olur. Bəli, Torpaq çərşənbəsi həm torpağın özünün dirilik tapması, həm də bir yaradıcı ünsür olmaqla torpaq stixiyasının bütün ətraf aləmə dirilik – yeni can verməsi deməkdir.
Torpaq çərşənbəmiz mübarək olsun!

Şakir Əlifoğlu,
araşdırmaçı